success closed Loading...

Şamaxı realnı uşqolasına inspektor...

Mirzə Ələkbər Sabir | Məqalə sayı: 5

datetime15.08.2017 09:12 visitor

Şamaxı realnı uşqolasına inspektor təyin olub gələn Leontiyev cənabları oktyabrın altısında Şamaxıya varid oldu.

Şəhər uşqolasında oxuyan mütəəllimlərin atalarını və sairini ayın səkkizində dəvət edib, atiyəz zikr fəqəratı bəyan etdikdən sonra cümlə şəhər əhlinə dəxi bildirməkdən ötrü nəşr etdirdiyi həmin elamnaməni eyni surətdə yazırıq:

1) Oktyabrın onundan on beşinə kimi başlanır realnı uşqolaya qəbul olmaqdan ötrü imtahanlar yarımıncı, birinci və ikinci klaslara;

2) İmtahan olunacaq şəhər uşqolasında hər gün saat ikidən sonra;

3) Ərizələri göndərmək olar oktyabrın on beşinə kimi şəhər uşqolasına poçt ilə və ya vermək olar inspektorun özünə;

4) Təyin olunmuş vəqtdə gəlməyən uşaqlar dəxi imtahan olunar dərsə süru  olunandan sonra;

5) Dərsə gələn uşaqlar özləri ilə bərabər gətirməlidirlər: qələm, kağız və çernil;

6) Uşaqların böyükləri ilə danışmaqdan ötrü vəqt təyin olunub hər gün sübh saat ondan on ikiyə qədər oktyabrın on beşinədək şəhər uşqolasında, ondan sonra realnı uşqolada Mustafabəyovun evində (inspektor Leontiyev).

Oktyabrın 15-ci günündə realni uşqolanın rəsm-güşadı olacaqdır.

Bu günə kimi yetmiş nəfər mütəəllimlər ərizə veriblər.

Lakin Şamaxıda sakin olan müsəlmanlar hər millətdən birə on, bəlkə də ziyadə olduqları halda uşqolaya ərizə verən müsəlman mütəəllimlərinin ədədləri sairindən çox əskik oldu və halonki şəhərin borcudur ki, hər ildə dörd min manat realni uşqolaya pul versin. Həmin pul təqsim olunduqda üç min manatdan ziyadəsini müsəlmanlar verəsidirlər.

Buna görə və həm müsəlman nüfusunun ziyadətinə görə lazım idi ki, müsəlman mütəəllimləri üç dəfə sairindən daha ziyadə olaydı. Amma, xeyr, ziyadə deyil, hətta müsavi də deyil, pək azdır.

Hər halda arzu ediriz ki, bugünkü babalar boylə qiymətli zamanları qafilanə fövt etməyib, övladi-vətənin təlim və tərbiyəsini mənzurda tutmaqla gələcəkdə bəxtiyaranə yaşamalarına indiki haldan səy və təlaşda olub bəzli-himmət edəydilər.