success closed Loading...

Saqqallı uşaqlar

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime24.10.2017 22:14 visitor

Biz görürük ki, ümumi məcburi savad yolunda bu saat Şura hökuməti heç vaxt və heç bir əsrdə görünməyən tədbirlər görür. Məktəb artırmaq üçün böyük məsariflər görür, minlərcə müəllimlər və müəllimələr hazırlaşdırır, ta ki, beş illik planda təyin olunmuş müddətdə savadsız vətəndaşın miqdarı yoxa çıxsın.

Ancaq məni bir qism uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır.

Mən saqqallı uşaqlar o kəslərə deyirəm ki, otuz və qırx yaşa çatıb, amma adlarını yazmağa acizdirlər.

Bəs bunların axırı necə olacaqdır? Savadsızmı qalacaqlar, ya məktəb yaşlı uşaqlarla birlikdə bunlar da savad əxz eləməyə gedəcəklər?

Mən, düzü, həqiqət bunların təklifini çox ağır hesab edirəm.

Niyə, nə səbəbə?

Səbəbi budur ki, iş başında olan bəzi işçilər, xidmətçilər bu hala qədər onlar üçün açılan savad məktəblərində tənbəllikləri üzündən savadsızlıqlarını təsviyə etməmişlər. Həyat irəli getmiş, kütlənin aktivliyi artmış, bu kimi saqqallı uşaqlar isə həyatdan geri qalmışlar. Bəziləri də belə güman edirdilər ki, cüzi savadla işi yola verərlər. Fəqət belə adamlar çox səhvdə olmuş və özlərini savadlandırmaq, savadlarını artırmaq yolunda bir iş görməmişlər.

Bu belə.

Belə tutaq bu saqqallı uşaqlar hökumətin məcburi savad əxz eləmək binagüzarlığından bir fəndlə boyun qaçırdılar. Xub, bəs dalı necə olsun?

Onu gərək biz unutmayaq ki, beşillik planın qarşısında şura işçilərinin öhdəsində olan təklifi get-gedə ağırlaşır. Hazır planın indi üçüncü ilinə ayaq qoyduğumuz bir halda mərkəzi hökumət şura işçilərindən böyük və zərbəli surətdə çalışmaq tələb edir. Götürək Mərkəzi Komitənin 3 sentyabr müraciətnaməsini ki, oxucular qəzetlər vasitəsilə onun məzmunundan xəbərdar olmuş olalar gərək.

Aya savadsız kənd şura işçilərimi bu müraciətnaməni cabəca etməyə qadir ola biləcəklər? Bu yolda təyin olunacaq fövqəladə briqadalarda iştirak edə biləcəklərmi? Sənaye, maliyyə planını dərk edə biləcəklərmi? İstiqraz məsələsində çalışmağa onun bacarığı və nüfuzu çatacaqmı? Və xülaseyi-kəlam, zəmanəmizin təlabatının müqabilində bu saqqallı müdirlərimiz dayanıb dura biləcəklərmi?

Xülasə, bu bisavad yoldaşlar özlərini gülünc bir halətdə buraxırlar. Mən, qoca Molla əminin nəsihətini eşitsələr indi bu saat, bu dəqiqə və bu saniyənin içində əllərinə kitab və qələm alıb balaca uşaqlar kimi savad əxz eləməyə başlayarlar.

Beləliklə, onlar həmi məmləkətə xidmət eləməyə qabil olarlar, həmi özlərini gülünc bir halətdən çıxardarlar. Çünki elə ki görürəm Şura hökuməti savadsız bir işçini özünə yaraşdıra bilməyəcəkdir.

Molla Nəsrəddin.

“Molla Nəsrəddin”, sentyabr, 1930, № 27.