success closed Loading...

Şura

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime03.02.2017 12:14 visitor

O şey ki, qoca Molla Nəsrəddin qəlbinə və məzağına hər babətdən müvafiqdir - onun adı Şuradır.

Şura üsul-idarəsi!

Şükr elərəm vicdanıma ki, ölmədim və arzu etdiklərimə çatdım.

Şura üsul-idarəsi, məsləhət və məşvərət üsul hakimiyyəti - budur sitayiş etdiyimiz yol, budur təqlid etdiyimiz məslək, budur etiqadımız.

Etiqadımız bundadır ki, vətən və məmləkət orada yaşayan əfradın hamısındadır. Pəs vətən və məmləkətin idarəsinin təəlüqi (mənsubluğu) haman əfradadır. Bunlardır tək bircə hakimlər, bunlardır ancaq.

Məmləkət bunların və məhz bunların məsləhəti və məşvərəti, bun­ların şurası ilə idarə olunacaq.

Pəs Şura. Şura nədir?

Budur mənanın təfsiri...

Amma...

Bunu bir müxtəsərcə ərz edim ki, keçən yaz fəsli kənddə idim və məlumdur ki, insan bir ovqat şəhərdən kənar düşəndə bir növ yadır ğayır, bir para mənaları zehnindən çıxardır, ələlxüsus ki, mənim kimi - bir az ki, adam qocalır, bildiyini başlayır mürur ilə (tədricən) itirmə­yə.

Odur ki, Şura istilahının mənası zehnimdən bilmərrə çıxıb getmiş­di ki, Allah rast saldı vağzalların birində Bakıdan gələn maşın dayan­dı, mənə dedilər ki, bu vaqonda Bakıdan Şura vəkilləri qayıdıb gəlir­lər.

Aha, haman saat xəyalıma gəldi ki, ey dili qafil, gir bunların yanı­na, haman sözün mənasını bunlardan soruş, sənə bəyan etsinlər.

Bəli, girdim, gördüm - bir neçə əşxas (şəxslər), bir neçəsi kəndli, bir neçəsi şəhərli, bir neçəsi əmələ oturub - xiyar yeyirlər.

- Əssəlamün əleyküm, ey əleyküssəlam. Molla Nəsrəddin əmi, bu­yur əyləş xiyar tənavül eylə (ye).

- Xeyr, nuşcan olsun, ancaq rica edirəm bircə bunu fərmayiş buyu­run görək, deyirlər siz Bakıya Şuraya getmişdiniz,

- Bəli. Molla əmi getmişdik.

- Xub, nə var, nə yox!

- Nə olacaq? Sağlığın.

- Xub, orada deyirlər, siz Şura etdiniz?

- Bəli. Molla əmi, Şura etdik.

- Xub, pəs orada dəxi nəyə məşğul idiniz?

- Molla əmi, ərz olsun ki, orada biz bir neçə gün avtomobilə mindik. gəzdik, sonra da hərəmiz başımıza buxara dərisindən bir təzə pa­paq qoyduq gəldik. Doğrudur, Molla əmi biz Bakıda Şura etdik, amma biz Şuranı indi burada da eləyirik ki, aya pəs biz orada danışılan söz­ləri niyə anlamadıq?

- Bəli, indi başa düşdüm, - xudahafiz.

- Xuda nasir.

Pəs, ay mənim əzizim, haman Şuranın mənası budur ki, bir neçə millət vəkili vaqonda oturub öz aralarında Şura edələr ki, aya onlar ha­ra getmişdilər, haradan gəlirlər və nədən ötrü getmişdilər və orada da­nışılandan nə anlayıblar.

Vəssəlam! Şura, Şura, - budur, ay mənim əzizim.

 “Molla Nəsrəddin”,  2 noyabr, 1922, N1