success closed Loading...

Xala xətrin qalmasın!

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime23.02.2017 11:59 visitor

İndi heç bir türk qəzeti yoxdur ki, orada yeni hürufat işləməsin.

Amma burada bir məzəli iş var: “Yeni hürufat” ilə çap olunan məqalələr əvvələn, qəzetlərin lap qurtaracağında yazılır və ikinci də budur ki, yeni hürufatla çap olunan əhvalat xırım-xırda və əhəmiyyətsiz xəbərlərdir; məsələn, Naxçıvanda yay tətili zamanı müəllim və müəllimələr səhərdən-axşamadək nərtəxtə oynayırlar, ya da ki, Borçalıda Qaraquş kəndində Zeynal Cəbrayıl oğlu Qəhrəman Mikayıl oğlunu itələdi, yıxdı arxın içinə, Qəhrəman da arxdan çıxıb, Zeynala yaman dedi.

İndiyədək görən olmayıb ki, türk qəzetlərində qabaq səhifələrin birində yeni türk əlifbasilə bir məqalə çap olunsun. Bunun səbəbi var; bəlkə də hələ iki səbəbi var.

Ümdə səbəbi budur ki, qəzet yazanlar, baş səhifədə əhəmiyyətli mətalibi (mətləblər) yazırlar və bu mətalibi yeni əlifba ilə yazmamaqda qorxurlar ki, türk oxucuları yeni hürufatı oxuya bilməsin, ya da çətin oxusun: onunçün də bir dəfə də ittifaq düşməyib ki, ərəb hürufatilə çıxan bir türk qəzetində baş məqalə yeni əlifba ilə getsin. Və hər bir mətalib ki, onun az-çox əhəmiyyəti var, onu ərəb hürufatı ilə yazırlar, ancaq xırım-xırda xəbərlərlə bir-iki sütun “xala, xətrin qalmasın” başından doldurub, adını qoyurlar ki, “bəli, biz də yeni türk əlifbasına xidmət etdik”.

Yox, belə olmaz. Gəl sözü açıq açığına danışaq və əyri oturub, düz danışaq.

Əvvəlan budur ki, aya görək sənin bu yeni türk əlifbasına etiqadın var, ya yox?

Əgər yoxdur, bu bir başqa məsələdir; yoxsa, qardaş sən çox yaxşı bilirsən ki, bir kəs qəzeti əlinə alanda, əvvəl-qabaq fikrini qabaq səhifələrə verir və istəyir başdan oxusun.

Əgər düz adamsan, niyə bu yazıq təzə qonağımızı dal evdə oturdursan, niyə onu aparıb dal səhifələrə tullayırsan və əgər sən onunla kəmiltifat deyilsən, niyə onu qabaq səhifədə hərdən bir də olsa oxucuların nəzərinə çəkmirsən?

Hə, di cavab ver görüm?!..

Sən öləsən yapışmışam, yapışmışam yaxandan, əl çəkməyəcəyəm!

Ya sən də mənim kimi hərdən bir yeni türk əlifbasını qabaq səhifəyə çıxart, ya yaxandan əl götürməyəcəyəm.

“Molla Nəsrəddin”, 18 sentyabr 1926, №38