success closed Loading...

Oğlanlarınızı oxutmayın

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime03.03.2017 10:16 visitor

İndi hər kəs bizim bu sərlövhəmizi görsə, xəyal edəcək ki, biz səhv edib oğlanlarınızı oxudun əvəzində, oxutmayın yazmışıq. Xeyr, biz səhvlə yazmamışıq, elə doğrusu odur ki, yazmışıq. Mən genə deyirəm: əgər oğlanlarınızı axırda evləndirmək fikrinə düşəcəksinizsə, əgər onu ev, əyal, övlad sahibi eləmək istəyəcəksinizsə, məndən sizə əmanət, məbada, oxudasınız. Siz görməmisiniz, siz bilmirsiniz, amma mənim başıma gəlib, mən görmüşəm və bilirəm, qulaq verin səbəbini deyim, oxutmayın deməyə haqqım var ya yox və görün bu oxuyanlarda heç ağıl, kamal, şüur və səliqə olur ya yox. Bəndəzadə Əhməd gimnaziyadan qurtaran kimi dedim, oğul, dəxi indi evlənmək vaxtındır, gərək səni evləndirim. Dedi, ata, hələ mən uşağam. Dedim, ay oğul, biz ata-baba görmüşük ki, adam on dörd, on beş yaşında evlənər, indi sənin on doqquz yaşın var! Dedi, ata, hələ mən uşağam, özüm də hələ gedib universitetdə oxuyacağam. Dəxi bir söz demədim, dedim get oxu, bala. Getdi Peterburqda oxudu, oradan da getdi nə bilim Parijə, hara. İndi hamısın qurtarıb gəlib, özünün də tamam iyirmi yeddi yaşı var. Çox sual-cavabdan sonra evlənməyi boynuna qoymuşam, amma deyir ki, mən gərək oxumuş qız alam. Dedim, yaxşı onu da elərəm, Kərbəlayı Qənbərin qızın alım sənin üçün. Gör mənə nə deyir, deyir ki, hansı uçkolanı tamam edib? Dedim, balam, uçkol nədi, Molla Bacıda neçə illər oxuyub, Quranı çıxıb, hər cümə axşamı mərhumə anası üçün bir yasin də oxuyur. Dedi işimə gəlməz. Dedim niyə?

Dedi oxuyub kurs tamam etmiş olmasa, yəni təkmili obrazovaniyyə olmasa mən almaram. Çünki bunun xilafı olsa, nə o məni xoşbəxt edə bilər və nə mən onu.

Eləcə bu sözlərə dondum qaldım. Getdim bir neçə gün fikirləşdim, soraqlaşdım, axırda tapdım. Sevinə-sevinə gəldim dedim, oğul, tapdım. Dedi kimdi? Dedim Məşədi Fərzəlinin qızı. Dedi hansı uçkoladan qurtarıb? Dedim Bakıdakı qız məktəbindən: həm rusca bilir, həm də müsəlmanca. Dedi işimə gəlməz. Dedim niyə? Dedi: Mən bu qədər zəhmət çəkmişəm, məşəqqət çəkmişəm, nə bilim gedib harda, harda nə zillətlə ülumi-aliyə təhsil eləmişəm, indi insafdır gəlib, beş kəlmə əlif zəbərə Ə və üç kəlmə də A, B deyənlən təzvic eləyim? Heç yaraşarmı? Heç müsahibəmiz tutarmı? Elə mən bunları eşidən kimi lap naümid oldum, biixtiyar durdu gözlərimdən yaş tökülməyə. Əhməd belə görcək mənə rəhmi gəldi. Dedi, ata, ağlama, ağlama, diriliyimi, rahatlığımı, istiqbalımı mülahizə etməyib sənin xahişini əmələ gətirərəm. De görüm neçə yaşı var? Dedim on beş! Elə bunu eşitcək dik qalxdı ayağa, dedi işimə gəlməz. Dedim niyə? Dedi uşaqdı, əqəllən gərək iyirmi yaşı ola.

Bax bunu deyirəm ha! Bu oxumuşların nə ağlı-kamalı olur, nə də səliqəsi. Sən Allah buna bax. Mən hələ elə bildim ki, deyəcək sinni keçib. Vaqeən qızın ki yaşı on ikini keçdi, bir qəpik qiyməti. Amma bu bifərasət deyir ki, uşaqdı. İndi, qardaşlar! Əgər biz oğlanlarımızı oxutsaq gərək qızlarımızı da oxudub onlar üçün əyal hazır edək. Onda gərək bizim də qızlarımız iyirmi, iyirmi iki yaşa kimi gedib oxuyalar, təkmil olalar ki, ülumi-aliyə tamam etmiş oğlanlarımıza layiq olalar. O biqeyrətliyi və günah əmri də ki, biz etməyəcəyik ki, qızlarımız üzü açıq gedib o payələrəcən oxusunlar. Pəs onda məndən sizə nəsihət: oğlanlarınızı da oxutmayın.

Qızdırmalı

“Molla Nəsrəddin”, 20 oktyabr 1907, №39