success closed Loading...

Camaat vəkillərinə nəsihət

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime13.03.2017 10:11 visitor

Sizədir bizim ümidimiz, biz müsəlman camaatının ümidi, ey millət vəkilləri! Allah sizə yaxşı yol versin.

Gedirsiniz, gediniz, amma mollanın xeyir-duasını yadınızdan çıxartmayasız, ey millətimizin seçilmişləri! Gediniz, Allah sizə yaxşı yol versin. Gediniz, amma bunu hər dəqiqə yadınızda saxlayın ki, sizin boynunuzda ağır təkliflər var ki, onları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək.

O təkliflər çox ağırdırlar.

Üstünüzə götürdüyünüz əhd və xidmət dünyada etdiyiniz savab əməllərin ən əfzəlidir və bu səbəbdən xoşbəxt bəndələrin xoşbəxtisiniz.

Gediniz, Allah sizə yaxşı yol versin! Gediniz, amma bu bir neçə nəsihətimi fəramuş etməyiniz.

Gedirsiniz Rusiyanın paytaxtı olan Fitilbörkə və orda sizin kimi bəyənilmiş adamlarla dizbədiz oturub, aylarla, bəlkə illərlə güftügu edəcəksiniz. Amma, aman günüdür, nə edirsiniz ediniz, bircə bunu yadınızdan çıxartmayınız: həmişə ədəbli olunuz. Ədəbli, ədəbli, ədəbli!..

Aman günüdür biz müsəlman millətini yetmiş iki millətin vəkillərinin içində biabır etməyiniz. Elə rəftar eləməyiniz ki, desinlər: Bu müsəlmanlar biədəb, bihəya və sırtıq millətdir. Aman günüdür, mənim bu nəsihətimi nəzərdə saxlayınız. Bunun da çarəsi heç dinməməkdədir.

Əgər xamuş olmağa aylarla, illərlə dözə bilsəniz, dözünüz və illah əgər səbrü qərarınız kəsildi və bir danışmaq istəsəniz, heç olmasa millətimizin xoş səadəti və tərəqqisi adına bu bir neçə tələbləri hökumətdən eləyiniz:

Əvvələn: tələb ediniz ki, İran məmləkəti ilə Qafqaz müsəlmanlarının arasında sərhəd götürülsün, belə ki, o tərəfdən bu tərəfə keçmək, şey gətirmək, adam gətirmək bimane olsun. Əgər işdir, həmin tələbin mənasını və səbəbini sizdən soruşsalar, deyiniz ki, sizə dəxli yoxdu. Bu mətləb İran məmləkəti ilə öz aramızda məxfi və məhrəmani işdir, özümüz bilərik.

İkinci: tələb ediniz ki, Rusiya hökumətinin yolunda canü dilli xidmət edən müsəlmanlara layiqincə vəzifə  və ənam verilsin və bununla belə Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanlar Saxalin cəzirəsinə göndərilsinlər.

Üçüncü: (qalanını da sonra deyərik).

 Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  16  iyun,  1906,  N 11.