success closed Loading...

İki cür rəvayət

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime15.05.2017 14:34 visitor

Qəzalardan və mahallardan bizə gəlib çatan xəbərlər iki cürdür: bu xəbərlərin bir qismini biz gəlib-gedənlərin ağzından eşidirik, bir qismini də qəzetlərdə oxuyub bilirik.

Və bu iki qism xəbərlərin arasında nədənsə həmişə böyük təfavüt olur.

O xəbərlər ki, bizə gəlib-gedənlərdən çatır, - onlar bir özgə cürdür. Amma haman xəbər qəzetdə yazılanda ayrı bir dona girir.

Məsələn: götürək çəyirtkə xəbərlərini. Məsələn, bu gün Qarabağdan bir adam gəlib, çəyirtkədən rəvayət edir və deyir ki, Ağcabədidən başlamış ta Hüsüliyə kimi biz taxılları yeyilmiş qoyub gəldik və haman dairədə və qeyri dairələrdə, həmçinin o qədər taxıl yeyilib ki, bir belə müsibəti qoca kişilər yada sala bilmirlər.

Amma haman əhvalatı qəzetlərdə biz belə oxuyuruq: “Ağcabədi dairəsində, doğrudur həddən artıq çəyirtkə var idi, amma çəyirtkə müdirlərinin elm, qabiliyyət və səy-təlaşlarının nəticəsində çəyirtkə təmamən qırılıb qurtardı və kənd əhalisi xudavəndi-aləmin dərgahına minlərcə şükr edirlər ki, belə bir qeyrətli müdirlər onların baxtına çıxdı”.

İnşallah, bir-iki aydan sonra məlum olar ki, aya bu iki rəvayətin hansı səhih imiş və hansı yalan imiş.

“Yeni yol”, 19 iyul, 1923, № 19.