success closed Loading...

Oruc yeyənlər

Cəlil Məmmədquluzadə | Məqalə sayı: 5

datetime06.06.2017 10:21 visitor

Orucluq yetişəndə mənim heç kəsə o qədər yazığım gəlmir, nə qədər ki, oruclarını yeyənərə.

Vallah, o cür ki, mən görmüşəm, orucu yeməkdənsə tutmaq min qat asandır.

Zəhirmar olsun bir tikə çörək ki, insan onu qorxa-qorxa oğurluğunca yeyəcək: az qalır ki, adamın burnunun dəliyindən qayıdıb gəlsin. Mən çox adam görmüşəm ki, orucunu yeyən vaxt uzaqdan bir mömin müsəlman görən kimi çörək qalıb boğazında, az qalıb boğulsun. Bir neçə il bundan irəli mənim tanışlarımdan birisi orucluqda küçədə papiros çəkən vaxt görüb ki, əmisi gəlir: biçarə qorxusundan özünü itirib, papirosu odlu-odlu basıb ağzına.

Binəvanın ağzı yanıb yara oldu və iki ay həkim yanına gedib müalicə etdirdi.

Oruclarını yeyənlər üç qisimdirlər:

Bir qism utancaq, avam, qorxaq, məzlum və biçarə adamlardır: hamıdan artıq yazıq gəlməli bunlardır. Bunların bir parası məşədi, müsəlman dəstəsinin müəllimləri, Ruseti az-çox gəzən cavan tacirlər və bir cür təzə rusca oxuyan həyalı müsəlmanlardır. Bunlara mənim hamıdan artıq rəhmim gəlir, çünki orucu asan vəchlə yeməyə bu bədbəxtlər heç vaxt bir vasitə tapa bilməyiblər. Görürsən səhərdən günortaya qədər acdırlar. Əvvəl bunların bəzini papiros koruxdurur və görürsən bəhanə üçün bir aftaba tapıb özlərini verdilər xəlvətə. Günortadan iki-üç saat keçəndən sonra aclıq başlayır bunlara kar eləməyə. Biçarələr o tərəfə vurnuxurlar, bu tərəfə vurnuxurlar, əllərinə bir şey düşmür. Gah dəli-divanə kimi dolana-dolana gedib görürlər ki, aşpazxanada axşama plov pişirirlər və tavada soğan qovururlar. Soğanın qoxusu dəxi yazıqları bihuş edir. Görürsən bunların bir parası axırda labüd qalıb, gedib pişiyin qabağından gecədən qalmış sümüyü xəlvətcə götürüb qoyurlar ciblərinə və bir gizlin yer tapıb başlayırlar gəmirtdəməyə. Bir parası da taxçanın bucağından bir tikə qurumuş pəndir qırığı, quru çörək xırdası, ya heç olmasa ölüşkəmiş alma ya qovun qabığı, qarpız toxumu tapıb tələsik basırlar ciblərinə və başlayırlar aftabanı axtarmağa.

Oruc yeyənlərin ikinci qismi özgə cürdürlər. Zalım oğlu zalımlar bircə tikə özlərinə korluq verməzlər və yemək vaxtı yetişəndə elə bir bijlik ilə xörək tapıb yeyirlər ki, şeytanın da xəbəri olmur. Bunların bir parası məşədilər və bir parası rus dərsi oxumuş cavanlardır. O ki, rusi oxumuşlardır, bunlar rus tanışlarının evinə gedib asanlıq ilə günlərini keçirirdilər. O ki, qaldı məşədilərə, bunların çoxu bu cür eləyir: bir parası alış-veriş bəhanəsilə başlayırlar səfər etməyə. Məsələn, mənim tanışlarımdan bu saat Tiflisdə on yeddi məşədi var: bunların on ikisi Bakıdan, biri Şamaxıdan, ikisi Naxçıvandan və ikisi İrəvandan gəliblər və rəməzanın ikinci günü hamısı birdən Tiflisə varid olublar. Hərçənd deyirlər ki, gəlmişik mal almağa, amma yəqin edirəm ki, bu qədər xərc çəkib və əhli-əyanlarını buraxıb Tiflisə gəlməkdə bunların qəsdi məhz orucluğu Tiflisdə qalıb başa vurmaqdır.

Bu qisim oruc yeyənlərin çoxusu yalandan özlərini naxoşluğa vurub yorğan-döşəyə düşürlər. Adam göndərirlər urus həkimi gəlir və naxoşdan soruşur ki, nəyin ağrıyır? Naxoş cavab verir ki, ürəyim ağrıyır. Həkim deyir ki, gərək filan davanı gündə üç dəfə yeyəsən. Naxoş yalandan cavab verir ki, yeyə bilmənəm, orucam. Həkim “çto, çto?” deyib başını bulayır və deyir ki, davanı yeməsən ölərsən. Naxoşun anası düşür təşvişə və axırda aş pişirib öz əlilə yedirdir oğluna.

Naxoşluq harda, zad harda, tamam bijlikdi.

Nağıl edirlər ki, Danabaş kəndində şkola müəllimlərindən bir müsəlman uşteli orucluqda günorta vaxtı samavarı stol üstə qoyub, çayı dəmləyib istəyir içsin. Bu heyndə haman kəndin mollası pilləkanlardan başlayıb yuxarı çıxmağa. Cavan qız qalxıb samavarı qoyur kitab şkafına və qapısını örtür. Molla içəri girib əyləşir, amma samavarın da səsi gəlir. Cavan başlayır əvvəl ucadan danışmağa, amma genə söhbət arasında hərdən bir samavarın səsi gəlir. Molla birdən qulağını səsə verib soruşur ki, bu nə səsdir? Uştel deyir ki, deyəsən yağış yağır. Molla tez ayağa durub əlini uzadır uştelə və “mərhəba, mərhəba” deyə-deyə soruşur: indi necədi, bundan sonra genə yuxuya inanmayacaqsan? Mən bu gecə yuxuda gördüm ki, yağış yağır. Mənim vaqeəm həmişə çin olar.

Bir qədər söhbətdən sonra yağışın səsi kəsilir və molla çıxıb görür ki, yağış yağmayıb, bir az durub baxır və yuxusunu və otaqda eşitdiyi yağışın səsini yadına salıb mat qalır və dinməz-söyləməz evinə gedir.

Üçüncü qisim oruc yeyənlər bir para lotular və şapkalı abrozovannı müsəlmanlardır. Bunlar da bərəks(i) həmişə axtarırlar bir elə yerdə oruclarını yesinlər ki, hamı bunları görsün. Demək ki, oruc yeməyi bu qisim adamlar özlərinə bir cür igidlik bilib, bir tövr fəxr edirlər. Görürsən bir abrozovannı müsəlman ruslardan bir tanışını görüb gəlib durur bunun yanında, papirosunu çıxardıb başlayır çəkməyi rus heç bir söz demir, çünki o heç bilmir indi orucluqdumu və papiros çəkmək olar ya yox. Cavan papirosunu yandırıb üzünü rusa tutub soruşur: Bilmirsənmi indi orucluqdu? Rus deyir – bilmirəm. Müsəlman başlayır rusu başa salmağa ki, indi orucluqdu və müsəlmanlar papiros çəkməzlər. Rus soruşur bə sən niyə çəkirsən? Cavan bir az döşünü qabağa verib deyir: mənə yaraşmaz oruc tutmaq.

Bunlar hamısı keçəndən sonra oruc yeməyin müsəlmanlar üçün tək bircə xeyri var: həmişə ramazan ayında müsəlmanlar bir-birindən baxəbar olurlar: məlumdur ki, oruc yeyən həmişə gözdə-qulağda olur ki, bir molla ya hacı görəndə ehtiyatlı olsun və oruc yeməyini büruzə verməsin. Molla və hacılar da həmişə güdürlər ki, görsünlər kim orucunu yeyir. Demək ki, bunlar onları axtarır, onlar bunları. Aşkardır ki, bu işlərin hamısı bais olur müsəlmanların ittihad və ittifaqına. Orucluqda heç olmaz ki, bir cavan o biri cavanın yanına gəlib soruşmasın: “Həsən bəy, orucsan?”. “Əlbəttə orucam”. “Ay sən öləsən”. “Vallah orucam”. “Ay meydini görüm”.

Hətta Tiflisdə Qolovinski küçədə də bu cür söhbətləri eşitmək mümkündür. Görürsən, bir gürcü bir gürcü ilə danışır: “Vaso, bu gün bizim keşişlərin məclisində idareyi-ruhaniyyəmizin barəsində filan keşişin nitqi gözəl idisə də, mən onun bəzi mülahizələrinə şərik deyiləm, çünki müşariləeyhin rəyinin bir para nitqləri hürriyyəti-etiqadi-vicdanə ziddir”. Amma bunların yanında iki müsəlman durub danışırlar: “Bu gün saat onda getdim “Bilviyo” bağında ləzzətnən zakuska elədim, heç bir müsəlman yox idi, abedi də Nikolay Pavloviçgildə elədim” O biri cavan cavab verir “Adə, ay bişüur, belə gödək günlərdə oruc tutmağa nə var: Vallah, mən bir tikə də acımamışam, amma bir papiros çəksəydim ölməzdim...”

Müsəlman aləmini indi bu halətdə görürük, sabah nə halətdə görəcəyik – onu da Allah bilir.

“Molla  Nəsrəddin”,  20 oktyabr,  1906,  N 29.