success closed Loading...

Sovet Şərqinin ilk professoru Bəkir Çobanzadəni niyə güllələdilər? - İstintaq materialları əsasında...

Enter.News akademik Ziya Bünyadovun repressiya qurbanı Bəkir Çobanzadə ilə bağlı olan yazısını təqdim edir. Yazı istintaq materialları əsasında hazırlanıb:

(İstintaq işi M12493)

Milli kadrları tamamilə məhv etmək, ilk növbədə dünyaca məşhur, daim düşünən, mülahizə edən, yeni fikirli alimləri, mütəfəkkir və intellek­tualları aradan götürmək - 30-cu illərdə ölkəni idarə edən rəhbər klanın, qabaqcıl olan hər şeyi caynaqlayan qara əllərin niyyəti belə idi.

1937-1938-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının, demək olar ki, bütün alimlərinin istintaqı 12493 nömrəli iş üzrə keçirdi. Hər şeyi məhv edən insan qəssabxanasının, daha doğrusu, ölüm maşınının bu dəfəki növbəti qurbanı isə SSRİ EA Azərbaycan filialının baş elmi işçisi, APİ və ADU-nun dil və ədəbiyyat kafedrasının müdiri, professor Bəkir Vahab oğlu Çobanzadə (59 nömrəli məhbus) idi.

Bəkir Vahab oğlu Çobanzadə 1893-cü il mayın 15-də Krım şəhəri, Qarasubazarda anadan olmuşdur. 1908-ci ildə o, ib­tidai gimnaziyanı bitirmiş və müsəlman xeyriyyə cəmiyyəti tərəfindən təhsilini davam endirmək məqsədilə İstanbula göndərilmişdir. 1914-cü ildə İstanbul li­seyinin ədəbiyyat şöbəsinin və İstanbul universiteti nəzdində ərəb və fransız dilləri üzrə ali kursları bitirərək mək­təb və liseylərdə bu dilləri tədris etmək hüququ almışdır. Elə həmin ildəcə Budapeşt universitetinin tarix-filologiya fakültəsinə daxil olmuş və oranı 1918-ci ildə bitirmişdir. 1920-ci ildə B.Çobanzadə “Komanikus” məcəl­ləsində zahiri sinharmonik uyğunsuzluq və türk dillərində artikulyasiya bazası problemi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və türkologiya üzrə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Çobanzadənin elmi rəhbəri məşhur akademik İqnats Qoldsiyer olmuşdur. O, Tavriya universitetinin dəvəti ilə Krıma qayıtmış və dilçilik kafedrasının dosenti təyin edilmişdir. 1922-ci il martın 15-də professor, 1924-cü ildə isə Krım universitetinin rektoru seçilmişdir.

1924-cü ildə Çobanzadə ADU-nun və Yeni Türk Əlifbası Komitəsinin dəvəti ilə Bakıya gəlmiş və burada türk dili və ədəbiyyatı kafedrasının professoru seçilmiş, 1925-ci ildə isə Şərq fakültəsinin dekanı olmuşdur.

1927-ci ildə Çobanzadə Ümumittifaq Yeni Əlifba Mərkəzi Komitəsi elmi şurasının sədri təyin edilmişdir. 1928-ci ildə o, Moskvada Şərq Xalqları institutunun həqiqi üzvü seçilmişdir. Burada Çobanzadə türkoloq aspirant­lara rəhbərlik etmişdir.

1925-1933-cü illərdə Azərbaycan Terminologiya Komitəsinin humani­tar bölməsinin sədr müavini, sədri və rəhbəri olmuşdur. 1930-cu və 1934-cü illərdə Fərqanə Ali Pedaqoji İnstitutunda özbək dili və ədəbiyyatı ka­fedrasının professoru işləmişdir. 1932-ci ildən SSRİ EA-nın Azərbaycan filialında dil bölməsinin baş elmi mütəxəssisi, Azərbaycan Elmi-Tədqiqat Pedaqogika və Psixologiya İnstitutunun həqiqi üzvü olmuşdur. 1935-ci ildə Paris Dilçilik Cəmiyyətinin üzvü seçilmişdir.

Çobanzadə alman, macar, fransız, ərəb, fars, türk, rus və demək olar ki, bütün türk dillərini mükəmməl bilirdi. Həbs olunanadək professor B.V.Çobanzadə müxtəlif dillərdə və müxtəlif aspektlərdə türk dili və ədəbiyyatı problemləri ilə bağlı 350-dən çox kitab və məqalələrin müəllifi idi.

1937-ci il yanvarın 26-da B.V.Çobanzadənin həbs olunması haqqında qərar çıxarıldı. O ittiham edilirdi ondan ötrü ki, 1924-cu ildən Bakıda ya­şadığı dövrdə əksinqilabi millətçi fəaliyyətdə olmuşdur. Məsələn:

a) 1926-cı ildə Krım “Milli fırqə”si Mərkəzi Komitəsi adından müsavat partiyası Mərkəzi Komitəsi ilə birgə iş barədə danışıqlar aparmışdır.

b) Ruhulla Axundov Çobanzadə ilə partiya və Sovet hökumətinə qarşı blokda əksinqilabi trotskiçi təşkilatla birgə iş haqqında danışıqlar aparmış­dır.

c) Özünün ədəbi əsərlərində və mühazirələrində əksinqilabçı millətçi ideologiyanı geniş yaymışdır; yəni Azərbaycan CM-nin 72 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə təqsirləndirilirdi.

B.V.Çobanzadə 1937-ci il yanvarın 28-də Kislovodskda “Qomyak” (“Mədən fəhləsi”) sanatoriyasında həbs edildi və mühafizəçi əsgərin köməyi ilə Bakıya gətirildi.

1937-ci il fevralın 7-9-da Çobanzadə ilə ilk istintaq keçirildi. Burada aydın oldu ki, 1919-cu ildə o, Macarıstanın Qızıl Ordusunda xidmət etmiş, 1920-1924-cü illərdə Krım “Milli firqə”sinin üzvü və katibi olmuşdur. Elə bu istintaqdaca B.V.Çobanzadə əksinqilabi millətçi fəaliyyət apardı­ğını etiraf etmişdir. “Əksinqilabi mövqedə duran, əksinqilabi əlaqədə ol­duğunuz şəxslərin familiyalarını deyin” sualına müttəhim 1929-cu ildən tanıdığı, SSRİ EA Azərbaycan filialının tarix institutunun direktor müavini Həsən İmanovun, 1929-cu ildən tanıdığı “əksinqilabi mahnılar oxuyan” Vəli Xuluflunun, 1924-cü ildən tanıdığı, ASE-nin əməkdaşı Yusif Əliye­vin, 1929-cu ildən tanıdığı SSRİ EA Azərbaycan filialının əməkdaşı, ək­sinqilabi millətçi istiqamətlərin, ədəbi əsərlərin müəllifi, qrupun üzvlərinin və onların ətrafındakı şəxslərin əksinqilabi mövqedən tərbiyə edilməsi və möhkəmlənməsi sahəsində fəal iş aparan, partiya və sovet hökumətinin siyasətinə qarşı böhtanlar yayan Əli Nazimin adlarını çəkmişdir. Sonra isə müttəhim 1933-cü ildən tanıdığı SSRİ EA Azərbaycan filialının tarix institutunun əməkdaşı Ağamir Məmmədovun, 1925-ci ildən tanıdığı APİ- nin dosenti və SSRİ EA Azərbaycan filialının dil və ədəbiyyat institutunun əməkdaşı Abdulla Tağızadənin adlarını söyləmişdir.

1937-ci il fevralın 14-də B.V.Çobanzadənin verdiyi əksinqilabi və pan­türkist siyahıya Əziz Qubaydullinin, A.S.Bukşpanın, Vəli Xuluflunun, Ağamir Məmmədovun, Ə.Salamzadənin, Həsən İmanovun, Mövsüm Səli­movun və Əbdülovun adları əlavə edilmişdi.

Fevralın 16-dakı istintaq mədəniyyət cəbhəsi işçiləri arasında aparılan əksinqilabi millətçi fəaliyyətə həsr olunmuşdur. “Sizin əksinqilabi millətçi fəaliyyətiniz nədən ibarət idi?” sualına Çobanzadə belə cavab vermişdir: “Əksinqilabi milli təbliğat aparmaq, pantürkizmi geniş yaymaq, əksinqi­labi millətçi azərbaycanlı ziyalılarının əksinqilabi millətçi və pantürkist mövqelərini möhkəmləndirmək və öz elmi əsərində əksinqilabi milli ide­yaları irəli sürməkdən ibarət idi”.

“Siz daha kimlərlə əlaqədə idiniz?” sualının cavabında Çobanzadə aşağıdakı şəxslərin adlarını çəkmişdir: (Bakı üzrə) 1925-ci ildən ATİ-nin dosenti Yaqub Zəki, 1925-ci ildən Salman Mümtaz, 1930-cu ildən Semaşko adına xəstəxananın həkimi Ələkbər Adıgözəlov, 1925-ci ildən xalq sə­hiyyə komissarlığının işçisi Reved Şirinski, 1933-cü ildən Ruhulla Axun­dov, 1930-cu ildən APİ-nin professoru A.S.Bukşpan, APİ-nin dosenti İdris Həsənov, 1925-ci ildən 30-cu ilədək Hənəfi Zeynallı (milli təmayülçü), 1925-ci ildən A.R.Zifeld, 1929-cu ildən A.V.Baqri (əksinqilabçı-millətçi), 1925-ci ildən Mədinə Qiyasbəyli (müsavatçı), 1928-ci ildən APİ-nin do­senti Qasım Feyzullayev, 1928-ci ildən aspirant İsmayıl Abbasov, 1928-ci ildən ADU-nun tarixçisi Baba Əsgərov, 1929-cu ildən bəstəkar A.Refetov, 1925-ci ildən müəllim Asiya Akimova, 1929-cu ildən professor A. Axun­dov, 1930-cu ildən mühəndis Rüstəmbəy Sultanovla əlaqədə olduğunu söyləmişdir.

Sonra Şimali Qafqaz, Özbəkistan, Ermənistan, Türkmənistan və Le­ninqraddan olan şəxslərin adlarını çəkmişdi.

Fevralın 17-19-da Çobanzadə “türklərlə əlaqə saxladığını, onların məlumatçısı və Bakıda Türkiyə konsulu ilə əlaqədə olduğunu etiraf etmişdir”.

1937-ci il martın 3-5-i “həbs olunan günədək mən əksinqilabi millətçi mövqeyində durmuşam və SSRİ-dən ayrılmaq şərti ilə türk-tatar xalqları­nın vahid müstəqil dövlət halında birləşməsi (Vahid Turan dövləti) məqsə­dini qarşıya qoymuşam”.

Sonra Çobanzadə göstərmişdir: “Biz 1930-cu ildə əksinqilabi millətçi qrup yaratmışdıq. Birinci qrup azərbaycanlı ziyalılardan ibarət idi (rəhbəri mən idim). Onun tərkibinə aşağıdakılar daxil idi: Cabbar Məmmədzadə, Qarabağlı, Fərhad Ağazadə, Qulam Ələkbərli, Əhməd Seyidov, Əlisəbri Qasımov, Əbdülkərim Əfəndizadə, Abdullayev, Salman Mümtaz, Baba Əsgərov, İsmayıl Abbasov, Əmirxanov, İsmayıl Əlizadə, Əli Sultanlı, Feyzulla Qasımzadə, Kitinayev.

İkiqci qfupa Krım-tatar tələbələri daxil idi və bu qrupa da mən rəhbərlik edirdim. Üçüncü qrup Azərbaycan ziyalılarından ibarət idi (rəhbəri İsma­yıl Hikmət idi), Atababa Musaxanlı, Hənəfi Zeynallı, Cabbar Əfəndizadə, Abdulla Tağızadə, Xalid Seyid Xocayev, Mikayıl Müşfiq, Əli Hüseynza­də, Mikayıl Rzaquliyev, Hüseyn Cavid, Əhməd Cavad, Surxay Yusupov və Abdulla Şaiq (İsmayıl Hikmət gedəndən sonra 1927-ci ildə bu qrupa da mən rəhbərlik edirdim). Dördüncü qrupu (azərbaycanlı ziyalılar) Əziz Qubaydullin aparırdı. Onun tərkibinə Ə.Salamzadə, Ağamir Məmmədov, A.Bukşpan, M. Bayramov, V.Xuluflu, Qara İsmayılov, Ələsgər Ələkbərov, Mövsüm Salamov və H.Biləndərli daxil idilər. Beşinci qrup Qazan tatarla­rından ibarət idi və onu da Əziz Qubaydullin aparırdı."

1937-ci ilin martında 6 istintaq Çobanzadənin Krımdakı fəaliyyətinə həsr edilmişdi. 1937-ci il aprelin 17-20-də Çobanzadə Azərbaycandakı ək­sinqilabi fəaliyyətini “açıb söyləmiş” və Ruhulla Axundovun rəhbərliyi ilə Azərbaycanda əksinqilabi Azərbaycan millətçi təşkilatın olduğunu təsdiq etmişdir.

Sonra Azərbaycanın rayonlarında, Gəncədən Qazaxadək olan yerlərdə təşkilata cəlb olunan şəxslər haqqında danışıldı. 1937-ci il aprelin 23-25- də aparılan istintaqda Bəkir Çobanzadəyə belə bir sual verildi: “Azərbay­canın rayonlarında silahlı üsyana hazırlıqla bağlı təşkilat tərəfindən prak­tiki olaraq nə kimi iş görülmüşdür?”. Müttəhim cavabında bildirmişdi ki, Sovet hökumətinə qarşı üsyan üç variantda olmalı idi:

1) Üsyanı dağ rayonlarından (Dəstəfurda, Gədəbəydə, Kəlbəcərdə və b.) başlamaq;

2) Üsyana İran və Türkiyə ilə sərhədyanı rayonlarda başlamaq. Çün­ki oradan həm silah alınmalı, həm də quldur dəstələri şəklində adamlar köməyə gəlməli idilər;

3) Üsyana Bakının özündəcə başlamaq. Çünki təşkilat belə hesab edirdi ki, Bakını ələ keçirmək elə bütün Azərbaycanı ələ keçirmək deməkdir.

İyunun 13-dən müstəntiq Azərbaycanda baş verəcək dövlət çevrilişi­nin təfərrüatını aydınlaşdırmışdır. Çobanzadə demişdir ki, bu zaman M.C. Bağırovun aradan götürülməsi nəzərdə tutulmuşdur. Onun yerinə Hüseyn Rəhmanov keçməli idi.

1937-ci il iyunun 25-də SSRİ-də əksinqilabi millətçi pantürkist gizli təşkilatın fəaliyyəti haqqında suala cavab verən müttəhim təşkilatın aşağı­dakı üzvlərinin adlarını çəkmişdir:

1. Rıskulov - RSFSR XKŞ sədrinin müavini.

2. İsfəndiyarov Səncər - RSFSR MİK-in keçmiş katibi.

3. Şuqu Əmirəsən - Krım MSSR XKŞ sədri.

4. Raximbayov - Özbəkistan K(b)P MK katibi.

5. Yumanqulov - RSFSR xalq maarif komissarı.

6. Taxo Qodi - Dağıstan xalq maarif komissarı.

7. Ömər Əliyev - Qaraçay-Çərkəz İcraiyyə Komitəsinin sədri.

8. Soltanməcid Əfəndiyev - Azərbaycan SSR MİK sədri.

9. Dadaş Bünyadzadə - ZSFSR xalq torpaq komissarı.

10. Mustafa Quliyev - Azərbaycan SSR xalq maarif komissarı.

Burada, habelə Moskvada, Leninqradda, Samarada, Həştərxanda, Saratovda, Ulyanovskda, Orenburqda, Donbasda və Sibirdə də pantürkist təş­kilatların olduğu göstərilmişdir.

1937-ci il iyulun 5-9-da müstəntiq Sovet hökumətinə qarşı fəal müba­rizə aparmaq məqsədilə pantürkist təşkilatlar arasında əlaqələrin olması barədə suallar verir. Burada “Əksinqilabçı ittihamçı təşkilatı”nının adı çə­kilmiş və aşağıdakı şəxslərin təşkilatın tərkibinə daxil olduğu göstərilmiş­dir: Rüstəmbəy Sultanov, Əlisəbri Qasımov, Atababa Musaxanlı, Səməd Şahsuvarov, Soltan Qənizadə, Nurməmməd Şahsuvarov, Pənah Qasımov, Hamid Şaxtaxtinski, Yusif Əliyev, Oruc Əliyev, Əşrəf Hacıyev, Rəşid Məmmədov, Mikayıl Rəhimli, Abbas Sultanov, İlyasov, Qulu Hüseynov, Abdulla Şaiq, Şamil Mahmudov, Azadbəy Əmirov, Qafur Rəşad (Qantəmir), Fətullabəy Rüstəmbəyov, Cabbar Məmmədzadə.

İyulun 13-14-də müstəntiq leninqradlı alimlərdən Samoyloviç və Və­linin əksinqılabi fəaliyyəti ilə bağlı sorğu-sual aparır; iyulun 16-17-də “Vahid türk-tatar dövləti”nin tərkibinə daxil olacaq Dağıstanda əksinqi­labi-millətçi təşkilat haqqında istintaq aparır; iyulun 20-21-də müstəntiq “Azərbaycanda praktik olaraq əksinqilabi fəaliyyət göstərən müsavatçılar, ittihadçılar və milli-təmayülçülər bloku haqqında ifadələr alır”.

1937-ci il iyulun 27-də Çobanzadə Azərbaycanda əksinqilabi təşkilatlar və elm cəbhəsində əksinqilabi iş barədə istintaq olunur. Burada A.V.Baqriyin, P.KJuzenin, S.V.Yelpatyevskinin, Baybakovun, Uvar-Uvarın, Pisarevskinin, Belyayevin, Ryuminin, Lapuxinin, Kovankonun, Kamarovskinin, Makovelskinin, Yevlaxovun, Fidolinin, Şirokoqorovun, Paxomovun adları çəkilir. İyulun 28-29-da B.V.Çobanzadə Rıskulov, iyulun 29-da Zifeld, avqustun 2-də Y.Vəzirov, avqustun 25-də Azərbaycan milli partiyası və Əsgər Fərəczadə haqqında ifadə verir.

1937-ci il sentyabrın 1-də Çobanzadə sonuncu istintaqda ona verilən ittihamlarla bağlı günahkar olduğunu etiraf edir. Sentyabrın 2-də Çobanzadəyə verilən əlavə ittihamlar üzrə qərar çıxarılır. “Çobanzadə praktiki olaraq özünün əksinqilabi fəaliyyətindəSSRİ-yə qarşı silahlı üsyana hazır­lıqla bağlı fəal iş aparmış, xarici dövlətlərin kəşfiyyat orqanlan ilə əlaqədə olmuş və onlara SSRİ barədə vaxtaşın məlumatlar vermiş, SSRİ-yə qarşı üsyan qaldırılacağı halda terror mövqeyində dayanacağı yəqin edilmişdir, yəni Azərbaycan SSR CM-nin 21-64, 68, 70-ci maddələrində nəzərdə tu­tulmuş cinayətlərdə təqsirləndirilir."

Həmin gün - 1937-ci il sentyabrın 2-dəcə Azərbaycan SSR CM-nin 64, 69-1, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə B.V.Çobanzadənin təqsirləndirilməsi ilə bağlı sonuncu ittihamnamə tərtib olunur:

1) Milli respublikaların SSRİ-dən silahlı yolla ayrılmasına hazırlaşan və “Vahid türk-tatar dövləti”nin yaradılmasına çalışan Ümumittifaq əksinqi­labi pantürkist təşkilat mərkəzinin üzvü kimi ÜİK(b)P və Sovet hökumə­tinə qarşı barışmaz mübarizə mövqeyində dayanmışdır.

2) Krımda, Azərbaycanda, Özbəkistanda və Dağıstanda silahlı üsyanın, təxribatın və terrorun hazırlanması sahəsində bilavasitə fəal iş aparmışdır.

3) Türkiyə və Polşa təşkilatlarının casusu kimi iş aparmışdır.

1937-ci il sentyabrın 21-də B.V.Çobanzadə Azərbaycan SSR xalq daxi­li işlər komissarı D.D.Sumbatov-Topuridzenin adına aşağıdakı məzmunda ərizə ilə müraciət etmişdir:

“Özümün əksinqilabi millətçi fəaliyyətimi etiraf edirəm və xahiş edirəm nəzərə alasınız ki:

1) Mən öz ixtisasım üzrə sovet Şərqinin ilk professoruyam, bu ada So­vet hökuməti tərəfindən layiq görülmüşəm və bu ölkələrdə ilk dəfə ana dilində mühazirə oxumuşam.

2) Bütün elmi fəaliyyətim dövründə təxminən 150 elmi əsər yazmışam. Onların 100-ü Azərbaycan dili və Azərbaycan dilində ədəbiyyat problem­lərinin ilk elmi əsaslarına həsr edilmişdir.

3) Yüzlərlə dilçi və ədəbiyyatşünas mütəxəssislər hazırlamışam.

Şanlı Kommunist Partiyası və Sovet hökumətindən xahiş edirəm ki, mənə öz ixtisasım üzrə işləməyim və Sovet İttifaqının qüdrətinin daha da artırılmasında, habelə hər cür əksinqilabi millətçilərin ifşa olunmasında iş­tirak etmək üçün imkan yaradasınız”.

1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi hərbi Kollegiyası Səyyar sessiyasının (Matuleviç, Zaryanov, Jiqur) bağlı məhkəmə iclası oldu. İclas saat 11:20 dəqiqədə başlandı, saat 11:40 dəqiqədə qurtardı.

Müttəhim son sözündə bildirmişdi ki, istintaqdan heç bir şey gizlət­mədiyi, hər şeyi açıb söylədiyi, birgə işlədiyi bütün yoldaşlarının adlarını verdiyinə görə ona güzəşt edilsin.

1937-ci il oktyabrın 12-də B.V.Çobanzadə ən ağır cəzaya - güllələn­məyə məhkum edildi. Hökm dərhal yerinə yetirildi. (İşə B.V.Çobanzadənin 1937-ci il oktyabrın 13-də güllələnməsi haqqında arayış tikilmişdir.)

1954-cü il fevralın 14-də və 1955-ci il fevralın 21-də professor B.V.Çobanzadənin həyat yoldaşı Ruqiyyə Kireyevna ərinin işinə yenidən baxılmasını xahiş edir.

1957-ci il iyunun 6-da SSRİ Ali Məhkəməsi hərbi Kollegiyasının çıxar­dığı qərara görə B.V.Çobanzadənin işində cinayət tərkibi olmadığına görə iş xətm edildi.