success closed Loading...

ABŞ və Rusiyanın neft mübarizəsində Bakının rolu - ARAŞDIRMA

1846-cı ildə Bakının Bibiheybət ərazisində Zaqafqaziya diyarı üzrə Baş idarənin üzvü Vasili Semyonovun təklifi və dağ-mədən mühəndisləri  korpusunun Bakı neft mədənləri idarəsinin direktoru mayor Alekseyevin rəhbərliyi ilə kəşfiyyat məqsədi ilə dərinliyi 21 metr olan dünyada mexaniki üsulla ilk neft quyusu qazıldı. (Bundan 13 il sonra - 1859-cu ildə  ABŞ-da (Pensilvaniya)  ilk neft quyusu qazılmışdı.)

Baş katib M.P.Vronçenkoya 8-14 iyul 1847-ci il tarixli rəsmi müraciətində Qafqaz canişini, knyaz Mixail Vorontsov Bibiheybətdə dünyada ilk neft quyusunun qazılması faktını rəsmən təsdiq etmişdi: “Mən Şamaxı Dövlət Palatasına Bakı qəzasında, Xəzər dənizinin sahilində Beybət (Bibiheybət) təbii mərzində torpaq burovlarının köməyi ilə tərəfinizdən 1845-ci ildə bu obyekt üzrə ayrılmış 1000 rubl məbləği sərf etməklə yeni neft kəşfiyyatı işlərini aparmağa icazə verdim. Bunun nəticəsində Bakı və Şirvan mineral yataqları idarəsinin direktorunun vəzifəsini icra edən şəxs Beybətdə neft tapılması haqqında məlumat verdi....”.

Əslində V.N.Semyonovun təklifi heç də təsadüfdən yaranmamışdı. Məhz 1844-cü ildə V.N.Semyonov Qafqaz canişininin adına yazdığı təqdimatda qeyd edirdi ki, neftin satışından əldə olunan  mənfəəti bir şərtlə 100 min rubla çatdırmaq olardı ki, bunun üçün iki əsas quyu tikilməsi, bur qurğusunun köməyi ilə digər quyuların dərinliyinin artırılması, Voskoboynik metodu əsasında yeni quyular qazılması, nefti sudan ayırmaq üçün durulducu hovuz tikilməsi və  neft ayrılması üçün müvafiq şərtlərə əməl edilməsi vacib idi.

1848-ci ildə sutkada 110 pud (1 pud=16,38 kq) neft verən yeni quyu qazılsa da, tarixdən məlum olduğu kimi, Semyonovun  nəzərdə tutduqlarının yerinə yetirilməsi üzrə ciddi cəhdlər göstərilmədi. Bir sözlə, knyaz M.Vorontsov yekunda iltizam sisteminin (İltizam - neft quyularının yerləşdiyi torpağın sahibi ilə  onu müəyyən şərtlərlə müvəqqəti istifadəyə götürən icarəçi arasında olan qarşılıqlı öhdəliklər sistemidir)  müdafiə etmişdi.

Bir faktı da qeyd etmək lazımdır ki,  Rusiyada hökumət neft çıxarmaq üçün qazmanın perspektivsiz olmasına dair xarici mütəxəssislərin nəticələrinə riayət edərək 1869-cu ilə qədər neft quyularının qazılmasını qadağan etmişdi. Azərbaycan neft işinin tarixini araşdıran Miryusif Mirbabayev “Azərbaycan neftinin qısa tarixi” kitabında qeyd edib ki, 1866-cı ildə Zaqafqaziya Ticarət Cəmiyyəti hökumət qarşısında qazma işlərinə başlamaq haqqında məsələ qaldırdıqda  rədd cavabı almışdı. Məsələ bundadır ki, Qafqazda mexaniki üsulla qazmanın tətbiq olunmasına cəhdlər bundan əvvəl də mövcud idi (60-cı illərin ortalarında Kokorev və Qubonin neft hasilatında qazma mərmilərindən istifadə edirdi). Ancaq hökumət bu üsulun tətbiq edilməsinə qadağa qoymuşdu. Buna səbəb tanınmış alim-geoloq H.V.Abixin hökumətin tapşırığına əsasən, məsələ ilə əlaqədar Abşeronda apardığı araşdırmalardan sonra qazma mərmisinin quyuların qazılmasında səmərəsiz olması barədə çıxardığı nəticə olmuşdu. 

news-detail

Halbuki Bibibeybətdən 13 il sonra 1859-cu ildə ABŞ-da ilk neft quyusunun qazılması və böyük artezian mənbəyinin tapılması ilə  bu ölkədə kommersiya xarakterli neft işinə start verildi. Bundan sonra  ABŞ-da neft işinin əldə etdiyi uğur əvvəlcə Avropada, sonra isə Qafqazda (Abşeron) neft yataqlarına diqqəti artırmağa məcbur edirdi. Eyni zamanda, neft və onun məhsullarına Rusiyada artan tələbat Bakı neft rayonunda neft istehsalı üsulunun təkmilləşdirilməsini tələb edirdi.

Yalnız 1868-ci ildə neft quyularının yeni üsulla qazılmasına rəsmi icazə verildikdən sonra 1869-cu ildə iltizamçı İ.M.Mirzəyev Balaxanıda dərinliyi 64 m olan  neft quyusu qazsa da, bu, uğursuzluqla nəticələndi. Lakin 1871-ci ildə demək olar ki, eyni yerdə, dərinliyi 45 m olan ikinci quyunun qazılması uğurlu oldu və bu quyu sutkada orta hesabla 2 min pud neft əldə etməyə imkan verirdi.

Bununla belə, 1872-ci ilə qədər neft hasilatı gah iltizamçılara, gah da dövlət idarəçiliyinə verilirdi. Həmçinin neft mədənlərində çalışan təhkimçilərin qul əməyi və iltizam sistemi neft işinin inkişafına mane olurdu. Neft quyularını əldə edən iltizamçı neft hasilatı texnikasının təkmilləşdirilməsində maraqlı deyildi. Çünki dörd ildən sonra o başqasının əlinə keçə bilərdi. Bu səbəbdən neft işinin texnikası primitiv səviyyədə qalmışdı. Onu demək kifayətdir ki, Bakı neft rayonunda  iltizam sisteminin mövcud olduğu dövrdə bir dənə də olsa, mexaniki emalatxana tikilməmişdi. İltizam sisteminin ləğv olunması isə həm neft sənayesinin, həm də iltizam dövründə az gəlir əldə edən dövlət xəzinəsinin maraqlarına cavab verirdi.

İltizam sisteminin ləğv edildiyi 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək üçün 2 qanun qəbul edildi: “Neft mədənlərindən və neft məhsullarından aksiz vergisinin tutulması barədə” və “İcarədarların əlində olan neftli sahələrin hərrac yolu ilə fiziki şəxslərə satılması barədə”. 1872-ci ilin fevralında təsdiq olunmuş: a) “Neft mədəni və fotogen istehsalına aksiz haqqında”; b) “İltizamda olan Qafqaz və Zaqafqaziya dövlət neft mənbələrinin şəxsi əllərə verilməsi haqqında” Qaydalara əsasən xəzinənin (dövlətin) sərəncamına 322 desyatin (1 desyatin =1,0925 ha) neftli torpaq sahələri verilmİşdi. Hökumət neft sənayeçilərindən yalnız mədənlərin istifadəsinə görə  illik vergi alır və ağ neft  istehsalına aksiz tətbiq edirdi.

Nəticə etibarilə iltizam sisteminin ləğvi və özəl şəxslərə neftli torpaqları icarəyə götürmək hüququnun verilməsi Azərbaycanda və Rusiyada neft sənayesinin intensiv inkişafına səbəb oldu ki, bu da neft firmaları və ticarət cəmiyyətlərinin meydana gəlməsinə səbəb oldu. Nəticədə    Azərbaycanda  “H.Z.Tağıyev” (1872), “Bakı Neft Cəmiyyəti” (1874), “Nobel qardaşları” (1879), Rotşildlərin “Xəzər-Qara Dəniz Cəmiyyəti” (1883), “S.M. Şibayev” (1884), “Xəzər yoldaşlığı” (1887), “Nağıyev Musa” (1887), “A.İ.Mantaşev” (1889), “Əsədullayev Şəmsi” (1893), “Qafqaz” (1896), “İ.A.Haqverdiyev” (1896), “Rus nefti” (1898), “Ortaqlar” (1899), “Abşeron Neft Cəmiyyəti” (1899), “Aleksandr Benkendorf” (1990), “Bibi-Heibat Petroleum Co. Ltd” (1900), “Balakhani Syndicate Ltd” (1900), “Moskva-Qafqaz Neft Cəmiyyəti” (1902), “Sankt Peterburq-Qafqaz Neft Sənayesi və Ticarət Cəmiyyəti” (1911), “Muxtarov Murtuza” (1913) və bir sıra digər firmalar yarandı.

Qafqazda mədən işləri idarəsinin rəisi İ.A.Şteyman  ABŞ-da neft mədənlərinin güclü inkişaf etməsinə baxmayaraq, Qafqaz neftinin amerikan nefti ilə rəqabət aparmaq gücünə malik  olduğunu qeyd edirdi: “İltizam sisteminin ləğv edilməsi ilə hökumət özəl sənaye üçün geniş meydan açır. Onun üzərinə düşən əsas vəzifə istənilən sahənin inkişafında rastlaşan iqtisadi maneələrin aradan qaldırılmasından ibarət olmalıdır. Yerdə qalanlar özəl şəxslərin işin qulpundan yapışmaq bacarığından və zirəkliyindən asılıdır. Bu mənada okeanın o tayındakı dostlarımızın həsəd oyadan bacarığından heyrətlənmək lazım deyildir.”

news-detail

1872-ci il Bakı neft rayonunda kəhriz (kankan) üsulu ilə quyuların qazılmasına son qoyulması və buruq üsulu ilə quyuların qazılmasına keçid ili oldu. S.M.Lisiçkinin məlumatına görə əgər fəaliyyət göstərən quyuların ümumi sayı 1873-cü ildə 158-ə bərabər idisə və ondan buruq neft quyularının sayı 9  idisə, 1876-cı ildə  kankan quyularının sayı buruq quyularınin sayı ilə eyni idi - 62.

Bununla da köhnə səth neftini çıxarmaq üçün quyuların qazılmasına son qoyuldu və o dövr üçün yeni olan qazma texnikasının köməyi ilə quyuların qazılmasına start verildi. Nəticədə ilk buxar maşınları meydana çıxdı, quyuların dərinliyinə uyğun böyük həcmli jelonkalardan və ya neft çıxarmaq üçün dibi açılan uzun dəmir vedrələrdən istifadə edilirdi. 1873-cü ildə Bakıya gələn mühəndis V.Neruçev qazma quyularından neftin çıxarılmasını belə təsvir edirdi: “...jelonka təqribən 5-8 pud neft qaldırırdı, bunun üçün hərəkətin növünə və quyunun dərinliyinə uyğun olaraq 3/4-dən 3 dəqiqəyə qədər vaxt sərf edirdi. Jelonkanın qalxması və enməsi buxar gücü ilə həyata keçirdisə, quyunun dərinliyi bu halda 30 sajena (1 sajen=2,13 metr) çatırdısa, bu halda jelonkanın bir enmə və qalxması üçün 45 saniyədən çox vaxt tələb edilməyəcəkdir; buxar hərəkətinin əvəzində at gücü istifadə olunarsa, təxminən 1 dəqiqə, insan gücü sərf edilərsə 2-3 dəqiqə vaxt lazım olardı. Neftin bu metodla çıxarılmasına Bakıda “dartaylama” deyilir”.

Məşhur neft kimyaçısı, Sankt-Peterburq Mədən İnstitutunun professoru K.İ.Lisenko hələ 1878-ci ildə qeyd edirdi ki, 1874-cü ildən başlayaraq neft quyularının sayı durmadan artırdı, nasossuz quyuların sayı isə azalırdı, yəni neftin əsas hasilatı qazma quyularının payına düşürdü, nasossuz quyular isə ikinci dərəcəli rol oynayırdılar. 1878-ci ildə Abşeronda 301 neft quyusu var idi, onlardan 251-i Balaxanı, Sabunçu, Ramana və Zabratda yerləşirdi.

Coğrafiyaçı və şərqşünas, təxminən 30 il ərzində Avropanı, Yaxın və Orta Şərqi səyahət edən P.A.Çixaçov “Birləşmiş Ştatlarda və Rusiyada neft” adlı məqaləsində ABŞ və Abşeron neft quyularının debitini müqayisə edərək,  Abşeron quyularının amerikan quyuları ilə müqayisədə 3 dəfədən çox neft verdiyini və Bakı neft rayonunda neft fontanlarının hündürlüyünun 84 metrə, ABŞ-da isə 19 metrə çatdığını bildirirdi.  Qeyd edək ki, ilk güclü fontan - “Vermişevskiy” Abşeronda 13 iyun 1873-cü ildə “Xələfi” Ticarət Cəmiyyətinin torpaq sahəsində qazılan quyuda müşahidə olunmuşdu və nəticə olaraq 3 ay ərzində 90 milyon puddan artıq neft hasil edilmişdi.

Neft istehsalında yeni eranın başlanması qiymətin də kəskin ucuzlaşmasına gətirib çıxardı. 1874-1875-ci illərdə neft böhranı baş verərkən Rusiyada neftin və neft məhsullarının (ağ neftin) qiyməti kəskin aşağı düşdü. Bakıda və Sankt-Peterburqda neft işinin vəziyyətinə baxılması üçün hökumət komissiyası yaradıldı. Lakin hökumət 1876-cı ildə ağ neftə tətbiq edilən aksizi ləğv etməklə problemi aradan qaldırdı. 1878-ci ildə Bibiheybətdə ilk buruq qoyuldu və həmin ildə də ilk neft fontanı vurdu. Bu dövrdə neft sənayesinə kapital axını xeyli artmışdı. Əgər 1873-cü ildə Bakıda 12 şirkət fəaliyyət göstərirdisə, 1883-cü ildə onların sayı 79-a çatdı. 1878-ci ildə Bakıda 112, 1879-cu ildə 126 şirkət və şəxsi sahibkar var idi. 1879-cu ildə Bakı neft mədənlərində 1,8 min insan çalışırdı.

Maraqlıdır ki,  hökumət böyük firmaların yaranmasına və inkişaf etdirilməsinə fəal köməklik edirdi. Belə ki, istehsalat baxımından daha mütəşəkkil olanlar sənayenin maraqlarını daha yaxşı təmsil edirdi. Bundan başqa, Rusiya sahibkarlarının fəaliyyətinin təşkili və əlaqələndirilməsini Bakı neft sənayeçilərinin 1884-cü ildə təsis etdikləri Neft sahibkarlarının toplanma Şurası həyata keçirirdi.  Şuranın əsas məqsədi neft sənayeçilərinin hökumət qarşısında öz ehtiyaclarını, səylərini və arzularını ifadə etmək idi. Şura neft firmalarının kapitallarının birliyi idi ki, burada da hər bir firma səslərin müəyyən hissəsinə malik idi. Müxtəlif hökumət idarələri ilə qarşılıqlı əlaqə yaratmaq, dövlət aparatı ilə sıx əlaqələr təşkil etmək, idarələrarası iclaslarda və komissiyalarda iştirak etmək, bir sözlə, hökumət qarşısında öz firmalarının maraqlarını müdafiə etmək üçün neft sənayeçilərinin nümayəndələri Şuradan istifadə edirdilər. Neft sahibkarlarının toplanma Şurasında xüsusi statistika büroları işləyirdi ki, onların da vəzifələrinə neft işinə aid olan bütün məlumatları yığmaq, işləyib hazırlamaq və hamıya elan etmək daxil idi. 10 yanvar 1899-cu ildən qurultay Şurası iki həftədə 1 dəfə, bu günə qədər də nəşr olunan “Neft işi” qəzet-jurnalını nəşr etməyə başladı (1920-ci ilin may ayından bu nəşr “Azərbaycan neft təsərrüfatı” adlanır).

1880-ci ildən başlayaraq neft sənayesinin yenidən təşkili həyata keçirildi və onun fəaliyyətinə nəzarət mərkəzləşdirildi. Nəticədə, 1882-ci ildə neft hasilatı 50 milyon pud, 1894-cü ildə isə 340 milyon pud həcminədək yüksəldi. Müqayisə üçün deyək ki,  1872-ci ildə çıxarılan neftin həcmi cəmi 1,4 milyon pud olmuşdu.

XIX əsrin 2-ci yarısında Azərbaycan neft işinin uğurlu göstəricilərindən biri Bakı neft sənayeçilərinin müxtəlif  Ümumrusiya və beynəlxalq sərgilərdə iştirak etməsi idi. İri neft sənayeçiləri yeni dünya satış bazarlarının axtarışı məqsədilə beynəlxalq sərgilərdə iştirak edirdilər. Əsasən də, buna Lüdviq Nobel və Viktor Raqozin müvəffəq oldular.

XIX əsrin 80-90-cı illərində ən aktual məsələ Bakıda mədənlər və Qara şəhər arasında neft kəmərlərinin inşası idi ki, bunun da həlli ilə ən fəal firmalar - “Nobel qardaşları”, “H.Z.Tağıyev” və “Bakı Neft Cəmiyyəti” ciddi məşğul olmağa başladı. Artıq 1878-ci ildə Sabunçu mədənləri və Qara şəhərin zavodları arasında Rusiyada ilk neft kəmərinin inşası başa çatmışdı. Artıq 1890-cı ilə qədər Bakının neft rayonunda mədənlərdən zavodlara sutkada 1,5 milyon pud neft ötürən, uzunluğu 286 km-ə qədər olan 25 neft kəməri çəkilmişdi. (“İki sahil”)

Yazının davamını bu linkdən oxuyun