success closed Loading...

Qara bəy Qarabəyli: ''Biz Azərbaycanı xaricdən gələn və bir-iki nəfərimizi özlərinə qoşanlara vermərik''

Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.

Yazının əvvəlini bu linkdən oxuyun

Otuz dördüncü iclasın davamı

6 may 1919-cu il

Ağamalı oğlu - Deyəsən bizim hökumət axırda söylədiyinə görə ilbəil işlər yaxşı qurtarır. Amma, söz onda deyil. Mən Məmməd Əminin sözləri üstə dəvam edirəm. Çünki bir elə hərəkət etdi ki, mən yerimdə qorxdum. Dedim əgər bu deyən olsa, biz lap batıb getmişik. İstədim çıxam gizlənəm, dedim görək hökumət nə deyir. Hökumət bir neçə söz deyəndən sonra arxayın oldum. Yoldaşımız Əhməd hər şeyi dedi və ondan sonra çıxmaq fikrində yox idim. Lakin bir neçə sözlər qaldı, onu deyim. Nə qədər çoxlu hal olsa, lazımsız yerdən müzakirəyə salmaq, bu oxşar o mitinqlərə ki, qızışmaq ilə, hərarətli danışıqlar ilə öz sözünü xalqın boğazına yeritmək istər. Bu oxşar o qığılcımlara ki, hazırlanmış taya üstə düşüb od eylər. Deməli çox məsələlər ilə sovuşmaq olmaz. Mitinq kimi çıxıb cəmaətə sarı ay aman! Ay cəmaət, quldurlar yığılıb istiqlaliyyətimizi almaq istəyirlər. Bu cür qızışdırmaq-çığırmaq ziyan verər. Təvəqqi edirəm ki, bəzi məsələlərdən ötrü bura çıxan natiqlər bizim məclisimizi əgər mitinq qayırmaq istəyirsə olmaz. (Səslər: Siz elədiniz! “Hümmət” qayrıb). Bir də nə olubdur? (Səslər: Heç zad?!). Fəhlələr bir gün işlərini buraxdı getdi. Sizə zakonna saldat deyillər ki, dədənizin qulu deyillər ki, (Ümumi gülüş) işləmir-işləmir, vəssalam.

Özünüz bilirsiniz ki, bu iş qabaqda olmuşdur. Rim vədəsində (plebeylər) ilə (patriseylər) arasında oldu. Plebeylər çox pis gün çəkdi. Axırda üsyan edib danışdılar - çıxıb getdilər. Patriseylər isə indiki zamanədək əqilli çıxdılar. Onlar böylə etdilər. Getdi, danışdılar, dedilər ki, gəlin siz bizsiz və biz də sizsiz dolana bilmərik. Gəliniz bir olaq, bir bəndəyik. Doğrudan da əhali, hökumət hamısı bir bəndədir. Lakin o düşünüşmə bizdə yoxdur. Əgər bunu bilsək onların da halı asan olar. İndi bizdə. Bəlkə sabah da əkinçilər, hansının ki, əməyindən bu adamlar olub, oturub burada, dedi istəmirəm əkmirəm. Əkmədi. Nə qayıracağıq. Əkmir. Nə olub, nə danışırsan, işləmirəm, niyə küsürsən, nökərin dəyil ki? (Ümumi külüş) Burada acıqlı danışmaq olmaz. Nə olubdur işləmirəm, tolko vseqo. (Ümumi gülüş). İndi, deməli fəhlələrdən küsməli. Haman o müsəlman fəhlələrdən ki, zabastovkada iştirak edirlər.

Biz də bilirik ki, siyasət işi yeritmək çətindir, ağır şeydir. Çox vaxt bu işdə dərin oxumuşları səhv gedirlər. Əgər böylə olmasa idi Zaqafqaziyada bu qədər qanlar tökülməzdi. Amma səhvi bağışlamaq olar. Bir də xəyanət var, bilməməzlik var, xainlik də. Buna çarə lazımdır. Yumruq yox. Fəhlələr öz ixtiyarını istəməlidir. Fəhlələr bilməməzlikdən, işləməmək nəticəsindən Azərbaycana ziyan da çata, mən inanıram, bizim fəhlə yoldaşlar əgər görsə ki, istiqlaliyyətin zərərinə gedir, lap tavariş də olsa onun başını üzər. Pravilno. (Ümumi gülüş).

Amma zabastovka da doğrudur. Biz deyirik, elədə var, elədə yoxdur. Onların məraminə bax, mən onlar ilə danışmışam. Elə məsələ qoyurlar ki, adam xəcalət çəkir. Onlar deyir ki, neçə vaxtdır şəkər üzü görməmişik, ət üzü görməmişik, nə özümüz, nə arvadımız. Acı inandırmaq çətindir ki, gözlə gör gələcəkdə səndən ötəri nə yaradacağam, sənə nə verəcəyəm. Biz hamı bir halda olsaydıq Şəmsi Əsədullayev olardıq. O vaxt qandırmaq asan idi. Ona görə gülmək lazım deyil, hətta düşmənçilik də olsa nə eləmək. Mənim yoldaşım Əhməd söylədi. Onu təzədən bildirmək istəmirəm. Özümdə yorulmuşam. Fəhlənin də istədigi edilməlidir. Doqovor qorxulu deyildir. Bu təklifi edən fəhlələrin də əqli var.

Deyirlər ki, doqovorda qorxulu bir punkt var. Neçə olsa bəşərdir. Qurdalarsan içindən bir şey çıxar. Ondan sonra 3-cü zabastovkadan bununla ötüşməli rahət...

Ayrı cürə razi ola bilmərik. Onu burdan söylədilər ey... Nə bilim, Hacıtərxana yol açılır. Əgər Hacıtərxana neft göndərilsə bolşeviklər buraya gələr. Bilmirəm bizim hökumət niyə bunu belə anlayıbdır. Bu biməna bir şeydir. Yaxşıdır ki, sonradan dalısını düzəltdi. Dedi ki, nə şərtlə biz onlara neft verərik. Əlbəttə, şərait yaxşıdır. O da mənim yəqinimdir. Şərtlər var. Bu ki, belədir, nədən ötəri buradan durub danışmamaq, nədən ötəri qaldırıb müzakirəyə qoymamaq. Mən sözümü qurtaracağam. Mənim buraya çıxıb dediyim budur ki, nə zabastovka olubsa çalışıb... “sükut” bez polezni likvidirovat etmək lazımdır. (Soldan alqış).

Rəis - Söz Abdulla bəy Əfəndiyevindir.

Abdulla bəy – “Əhrar” fraksiyasının firqə proqramı 2-ci, Rus Azərbaycanının istiqlaliyyəti deyə qeyd etmişdir. Bu başqalara bənzətmə deyil, bu forma üçün deyil, bu bir sədadır ki, o həm firqə tərəfdarlarının, həm də millətin sədasıdır. Dəfəat ilə firqəmiz və fraksiyamız deyib ki, bu istiqlal uğrunda hökumət nə günə davranacaqsa firqəmizi arxasında görəcəkdir. Bizim üçün bu söz tazə deyil, köhnə sözdür. Bu qərara biz buraya gəldikdə ən birinci bayrağımıza yazdıq. Məqsədimiz vətəni mühafizə və müdafiədir. Biz baxıb görürük ki, gün-gündən millət dursun, istiqlaliyyət dursun, vətənin üzərinə, istiqlalinə hər tərəfdən təcavüz olunur.

Əsl mətləb burasındadır ki, biz sağdan gələn hücumları o qədər görməyirik. Onların zabastovkaları yoxdur. Onlar saman altından su yeridirlər. Budur ki, onlar çox qüvvətlidir. Amma sol tərəfdən qorxu, aşkar bir şeydir ki, gurultu ilə olur və nəzərə də çarpır. Biz firqəmiz tərəfindən hökumətə bu təklifi edirik ki, təcavüz hər tərəfdən gəlir gəlsin, onun qarşısı alınmalıdır.

Vaxt çox incə və nazikdir. Hökumət hər şeyə vaxt edib doğrudan vətən düşmənlərini axtarıb, tapıb, lazımi cəza versin. Biz böylə fikir edirik ki, millət tacirindən, varlısından ibarət deyil. O füqərayi-kasibədən ibarətdir ki, o milyonları təşkil edir. Onun içərisindən həm əmələ çıxır, həm əsgər çıxır, mən zənn etməyirəm bizim millətin füqərayi-kasibəsi içərisində öylə bir vücud olsun ki, istiqlaliyyətinə zidd getsin, böyüklərimiz savadlılarımız aldanılan kimi, fəhlələrimiz də aldana bilər. Bu qədər yağlı və şirin danışandan sonra onu hansı tərəfə istəsən çəkmək olar.

Bizim özümüzdə çox təqsir var. Biz füqərayi-kasibəyə qarışmayırıq, onlarla durub oturmayırıq. Gərək bütün ziyalılarımız, müəllimlərimiz onların arasına girib işləsin, onları qandırsın, onlara vətənin və millətin nə olduğunu anlatsın, bu kimi şeylərin qarşısı onda öz özlüyündə alınar. Bizim təklifimiz budur ki, bugünkü məsələyə qarşı adilanə bir surətdə hökumət davransın, inad edənlər, düşmən sözünə aldananlar haqqında hökumət heç bir şeydən geri durmasın. (Sağ tərəfdən alqış).

Bəli, lazıması budur ki, hər sinif, hər firqə özünü borclu bilsin ki, bugündən əgər bir işləyibsə indi on işləsin, ta fəhlə bilsin, yekdil, yekcəhət olaraq parçalanmasınlar və yekdigərinə ədavət etməsinlər. Biz gərək müxtəlif firqələrə bölünməyə kömək etməyək. Belə-belə şeylər olmasa biz bir qüvvə təşkil edəməyiz. Çox gözəl söz buyurdu rəisi-vükəla ki, biz vətənin istiqlalı yolunda canımızı, malımızı fəda edə bilərik. O, əmin olsun ki, bütün millət o fikirdədir.

Rəis - Söz Qarabəylinindir.

Qara bəy - Həzərat! Əgər bu tətil iqtisadi olsa idi, bu gün gördüyümüz həyəcan nə rəisi-vükəladan və nə də başqa natiqlərdən eşidilməzdi. Tətil iqtisadi olurdusa, parlaman fraksiyaları əleyhinə danışmazdı və danışmağa həqləri də olmazdı. Hamımız əmələnin məişətini və mövcudiyyətinin təmin olması tərəfdarıyıq. Bu yolda heç bir firqə müavinətdən və mücahidədən çəkinməyəcəyi proqramlarına görə məlumuzdur. Xalqı həyəcanə gətirən natiqləri və hökuməti hiddətləndirən bir məsələ varsa, o da tətilin iqtisadi deyil, siyasi olmasıdır. Bu tətil bir gündə nagahanı surətdə deyil, türklər çıxandan hazırlanub kabus ilə qarşımıza çıxmışdır. Bu barədə həyəcana düşməyə haqqımız vardır. Bu müşahidə edən gözü açıqların və bu işi dərəcə-dərəcə təqib edib də hansı mənbələrdən çıxıb bu hala düşməsini bilənlərin həyəcanə gəlməyə haqları yoxdur. İngilislər şəhərimizə daxil olanda, onlar ilə bərabər başqa qüvvələrin də gəlməsini bilirsiniz. Bu qüvvələrə o qədər meydan verilmiş və o dərəcəyə gəlmişlər ki, hökumət və parlaman bir yana qalıb, onlar iş görməyə başlamışlar və başqa iddəayə gəlmişlər. Gündə qəzetələrdə fəhlə konfransları, “Stateçnı” tətil komitəsi barəsində oxuyursunuz. Bu növ ilə nagahani surətdə görünən tətil müntəzəm surətdə hazırlanmış və siyasi mahiyyəti düşünülmüş bir tətildir ki, belə müşkülat çıxarmışdır. Sizə söyləndiyi kimi məqsədini də dərk etmişik. Bu tətil yalnız Azərbaycan istiqlaliyyəti əleyhinə və müsəlman millətinin bu sərvətli məmləkətini əlindən çıxarmaq üçün bir hərəkatdır. Buna bizim vicdani qənaətimiz vardır. Buna inanırıq. Səhv və xəta da yoxdur. Təbii, burada bir çox sözlər söylədilər. Dedilər: işin bu dərəcəyə varmasına hökumət özü səbəb olmuşdur. Lakin bu hökumət iş başına tazə gəlmişdir. Onun barəsində bir söz söyləmək hənuz tezdir. Bu vaxta kimi olunan səhv hamısı sabiq hökumətə istinad edirlər. Ona görə təzə hökuməti tənqidə macal yoxdur. Bu halı kəşf etmək, çarələr və tədbirlər ittixaz etmək lazımdır.

Bizim firqə hökumətə etimad etməyib, müxalif olduğu məlumdur. Bu doğru, fəqət, bizim firqə hökumətə qarşı müxalif olur, amma Azərbaycana, millətə və vətənə müxalif olamaz. (Sağdan və mərkəzdən alqış). Hökumət başında hər kəs, hər məsləkdə olursa, madam ki, vətəni və istiqlaliyyəti müdafiə etmək yolunda çalışacaqdır ki, başımıza bir də mart hadisələri gəlməsin və islamın namusu ayaqlar altında tapdalanmasın. Böylə hökumətə biz yardım etməklə bərabər ona mərbut olub tərəfini saxlayacağız. (Sağdan, mərkəzdən alqış).

Yalnız bir məsələ var. İndi artıq masqalar altında söylənən sözlərin və görülən hərəkətlərin vaxtı keçmişdir. İndi maska vaxtı deyildir. Maskaları atmaq zamanı gəlmişdir. (Sağdan və mərkəzdən alqış).

Burada bu işləri hazırlayan bizim millət ilə əlaqəsi olmayan başqa bir millətdir ki, sağ və sol tərəfdən düzak hazırlamışdır. Bunlar ikisi də bir işləyir. Biz bilirik ki, sağdan gələn Denikin qüvvəsi soldan gələn "Sovdep ilə birləşib hərəkət edirlər və Zaqafqaziya üçün bir fikirdədirlər. Heç kəs aldanmasın və bu barədə şübhə etməsin. Şübhə etmək özümüzü aldatmaq deməkdir. Demokratizm belə gəldi-belə getdi, bunlar hamısı yalandır. Bizim üçün demokratizm yoxdur.

Bunların fikri hüququmuza təcavüz etmək və namusumuzu ayaqlar altına almaqdır. Necə ki, mart hadisələrində altı ayın müddətində görüldü və sonra kimin vasitəsilə qurtardıq.

Fəhlələr böylə oldu-şöylə oldu məsələsi yalandır. Bu sözləri kənardan gələnlər çıxarmışlar. Meydanda bir şey var ki, o da kim olur-olsun, millət özü öz müqəddəratını təyin etməlidir. Millət bolşevik də olsa haqqı var, özü olsun nəinki kənardan gəlmiş qüvvələr. Daha Anaşkinlərin və Çurayevlərin gəlib millətimizin irzi və namusunu tapdamalarını və qadınlarımızın tümanını aparıb Rusiyada spirtəçaxıra verib içmələrini qəbul edə bilmərik. (Sağdan, mərkəzdən alqış). Bizim millətin gözü açılmışdır. Artıq bizə qəyyum lazım deyildir. Biz özümüzə qəyyumluq edə bilərik. (Alqış). İndiyə qədər açıq söyləmədən dolayı bir çox müşkülat törəmişdir. Biz axırda bir nöqtəyə gəldik ki, bu millətin parlamanı və hökuməti var, onu qəbul edirmi? Və ya xaric bir qüvvəyi qəbul edər ya böylə, ya öylə. O vaxt hökumət də öz hərəkətini tətbiq etsin. Hərgah Hacıtərxan yolu açılsa və bizə təcavüz və iddəalar olmazsa, o vaxt razı olarıq. Neftimiz burada qalsın və mədənləri yatsın. Əlbəttə istərik ki, bizim üçün geniş bazarlar açılsın və iki yüz milyon put neftimiz burada saxlanmasın. Lakin bunu demək ilə olmaz. Biz görürük ki, bu doğru deyildir. Hacıtərxanı açmaq ingilislərin əlində deyildir. Orada Sovdep var. Hökumət var, ondan da bir soruşmusunuzmu? O razı olurmu ki, o orada, biz burada oturub alış-veriş edək?.. Burada oturan Sovdep nümayəndələri özlərinə yuva yapmışlar. İstəyirlər buradan bolşeviklərə kömək eyləsinlər və Bakını bizim əlimizdən çıxarsınlar. Əcəba, 5 nəfər xaricdən gələn və bizim də bir-iki nəfər maskalarımızı özlərinə qoşanlaramı Azərbaycanı verərik. Xayır! Biz Azərbaycanı onlara vermərik. (Mərkəzdən və sağdan alqış). Necə ki, bütün Rusiyanın Bakı neftinə ehtiyacı var. Bütün Azərbaycanın həyatı da Bakıdan asılıdır. Tətil etmək ilə Azərbaycanın qapısı bağlanacaq və Azərbaycan xalqı acından öləcəkdir. Bu tətili elan edərkən 3-4 milyondan ibarət Azərbaycanın türk xalqının rəyini sordunuzmu? Bizim qüvvəmiz xaricdədir. Burada yüz min özgəsi ağalıq edənməz. Əgər ondan sormayacaqsan və onu unudub hesabə qoymayacaqsan və gəlib burada boğazından tutub boğacaqsan, o bunu qəbul edənməz, buna razı olanmaz. Hökumət gərək bu barədə işləsin və borcudur ki, Bakını müdafiə etsin. Biz bu yolda hökumətin dalında durub, axır nəfəsimizə qədər onunla getməyə hazırıq. (Alqış).

Rəis - Çlen parlamenta Malxazyan.

Malxazyan - Rusca.

Rəis - Mustafa Ağa Vəkilov.

Mustafa ağa Vəkilov - Səmədağa Ağamalı oğlu öz nitqində söylədi ki, fəhlələr tətil edir, biz onlardan küsə bilmərik. Onların həqləri var ki, məvaciblərinin artmasını tələb etsinlər. Əgər tələbləri qəbul olunmasa tətil də edə bilərlər. Bu əqidə yalnız Səməd ağanın əqidəsi deyil, bu sosyalistlərin fikridir. O biri sosyalist nümayəndəsi Əhməd bəy Pepinovu nə qədər diqqətlə dinlədiksə də aşkar cavab versin, yənə cavab vermədi. Burada söylədilər ki, müştərək müqavilənamənin iqtisadi maddələri var ki, gərək onlar qəbul edilsin. Sonra söylədilər ki, gərək Həştərxan yolu açılsın. Bu da Azərbaycan dövlətinin mənafeinədir. Çünkü nefti tökməyə daha yer yoxdur. Onlar gərək Həştərxana getsin. Burada aşkar söylənildi. Kollektivin iqtisadiyyata aid tələbləri hökumət tərəfindən qəbul ediləcəkdir. Fəqət, o maddələr ki, istiqlalımızın əleyhinədir, onlar qətiyyən qəbul edilənməz. Məsələn, fəhlələri qəbul etmək və çıxarmaq haqqı. Bu elə bir tələbdir ki, bunu düşmən olan bir qüvvə əlinə vermək olmaz. Əhməd söylədi. Əlbəttə, bu maddənin üstündə söz söyləmək olar. Onu söyləmədilər ki, bu maddənin haqqında bəhs etmək istəyirəm.

Bunlarla bərabər, bizimlə söhbətə girişmək belə istəmirlər. Bu maddənin üstündə danışmaq bir növ məsələni gizli qoymaqdır. Bizim məlumatımız var, belə ki, o doqovorda elə tələblər var ki, onlar çoxdan qəbul olunubdur. Bu tətil başlanmadan bir saat əvvəl, neçə ay bundan əvvəl qəbul olunan tələblər verilmişdir. Həştərxan yolu açılsın, fəqət, şərti-şürut ilə, bizə söylədilər ki, biz də istiqlal tərəfdarıyıq. Bizə söyləmədilər ki, onlar bu tətili siyasi hesab edirlərmi? Bu tətil ilə maska altında nələr yürüdüldüyünü düşünürlərmi? Fəhlə təklif etdikdə ki, Həştərxan yolu açılsın, şərti-şurut təklif etmir. Bunu buradaki yoldaşımız söylədi. Bunu konfransda eşitdik. Bizdən tələb edənlər şərt filan qoymayırlar. Onlar tələb edirlər ki, gərək açılsın.

Bizim haqqımız var ki, sosyalistlərdən tələb edək ki, sözlərini aşkar desinlər. Onlar sözü deyirlər, lakin aşkar demirlər. Burada tətilin iqtisadi olduğunu söyləyirlər, əlavə edirlər ki, iqtisadi tətilin əleyhinə deyillər. Əlbəttə, kimsə iqtisadi tətilin əleyhinə deyil. Lakin siyasi tələbə iqtisadi rəngi verirlər. Burada fəhlələri aldadan kimi, siz sosyalistlər bizi də aldadırsınız. Şübhəsiz, tətil siyasidir. Bu tətilin əsl məqsədi Azərbaycanı yıxmaqdır. Bu surətdə mən anlamıram bu nə deməkdir? Ya siz bizi aldatmaq istəyirsiniz və ya onlarla bir yolda getmək istəyirsiniz.

Burada bəhs olundu ki, sağdan da, soldan da qorxu var. Mən elə bilirəm ki, sağ tərəfdən gələn qorxu bir o qədər böyük deyildir. Zira, sağ tərəfdən gələcək qorxunu bizdə hər kəs təqdir edər. Yekdil, yekcəhət onun əleyhinə çıxarlar. Amma məəttəssüf, sol tərəfdən gələn qorxuya burada tərəfdarlar görülmədi. Bugünkü tətil istiqlalımıza bir təcavüzdür. Bu bir o qədər də qorxulu deyildir. Zira, biz əminiz ki, bu dəf ediləcəkdir. Bizim qorxumuz bir şeydir, o düşmənlərin bizi təkrar əsarətə qaytarmaq üçün qurduğu duvağı məhv etməkdə bir qədər zəiflik göstərməkdir. Gərək Türk demokratiyası bu gün desin, onlar hökumətin arxasında dayanmışlar. Amma sol tərəfdən qəti surətdə eşitmədik, axırda şübhəli qaldıq. O adamlar ki, bizə təcavüz edirlər, onlar desinlər ki, hökumət onlarla ciddi surətdə mübarizə etsə hökumətin arxasında duracaqlarmı, ya yox? Qorxu düşmanımızda dəyil, ondadır ki, biz zəifik.

Rəis - Söz Ağa Aşurovundur.

Yazının davamını bu linkdən oxuyun