success closed Loading...

Deputat Ağa Aşurov kimləri ittiham etmişdi: “Onlar bizimlə dost olmayanlarla işləyirlər və ayağımızdan çəkirlər”

Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.

Yazının əvvəlini bu linkdən oxuyun

Otuz dördüncü iclasın davamı

6 may 1919-cu il

Ağa Aşurov - Mən də o suala imza edənlərdən birisiyəm. O sözlər ki, danışıldı, məndən ötrü kafidir. Çünkü Məmməd Əmin, Qara bəy Qarabəyli cənabları və qeyriləri mən deyən fikri dedilər. Ancaq mən bir şeyi ərz etmək istəyirəm. Burada buyurdular ki, zabastovka eləyirəm, eləyirəm nə olar? Sabah deyəcəklər suyun yolunu bağlayıram. Susuzluqdan öl, mənə nə? O biri gün deyəcəklər işığı söndürürəm, yıxıl qılçan sınsın, mənə nə? Yəni, hər nə olur-olsun, mənə nə? Görək bu düz fikirdirmi? Öz millətini, öz istiqlalını sevən böylə hərəkət eylərmi? Bilirdinizmi ki, hərəkət edəndə hərəkətimdən millətə zərər yetişəcək, ya yox? Onlar 20 min məxluqun interesini gözləyirlərmi? Xayir! Gözləmirlər. Bu deyil, onların dediklərilə Azərbaycanı da tullayaq, nə olar?

Bu hərəkətləri edənlər bizim düşmənlərimizdir. Onlar bizimlə dost olmayanlar ilə işləyirlər və ayağımızdan çəkirlər. Keçən və indiki hökuməti bağışlayınız, bir az təqsirli görürəm, çünkü qoyublar qurt gəlsin böyüsün, təcavüz etsin və üstümüzdə ağa olsun. Onu belə qoymamalı idilər ki, gəlsin belə böyüsün və pis şeylər ortalığa gəlsin. Bir də hökumətdən bir şey tələb edirəm: Onlar, o çirkli əlli adamlar, bizim qoşuna əl aparırlar. Onlara deməlidir ki, əlinizi rədd edin. O qoşundan əl çəkin. Çünki onun əlində - bizim müqəddəs bayrağımız var. (Sağ və mərkəzdən alqış). Məəttəssüf, aramızda qoşuna əl atmağı təklif edənlər də var. Hökumət binagüzarlıq etməlidir ki, oraya bir kəsin ayağı dəyməsin. Mən öz tərəfimdən və mən tərəfli tərəfimdən deyirəm ki, hökumətin nə tədbiri olsa, qəbul edib təşəkkür edərik. (Alqış, mərkəzdən və sağdan).

Rəis - Söz Əhməd Cövdət Pepinovundur.

Əhməd Cövdət - Əfəndilər! Bugünkü danışıqlardan, xüsusən Mustafa Vəkilovun danışıqlarından belə görünür ki, guya bir təqsirkar vardır. Ondan sonra Ağa Aşurov söylədi. Bilmirəm onları nə vadar edir, əllərində nə arqument var.

Yoldaşımız Səməd ağanın saf ürək ilə fəhlələr istədiyi vaxt işindən əl çəkə bilər, sözlərini əllərində dəstaviz edərək etiraz edib bizi təqsirləndirirlər. Əgər bizim hökumətimiz öz deklarasiyasında söyləmişdir ki, fəhlələrin qurğusudur, o vaxt onların öz işidir. Əmələ tətil edirsə, haqqı var. Ancaq Aşurov suyun və işığın bağlanmasından şikayət edib susuz və işıqsız qalaram dedi. İndi Aşurovdan bir soruşan gərək ki, evində rahət oturub şəkərini, çayını hazır gördükdə acların fikrini çəkir, qeydinə qalırsanmı? (qarışıq səslər). Əgər fəhlələr üç gün içərisində, işdən əl çəkib ağaya və bəzi adamlara narahatlıq yetirirsə, biz il uzunu onlar əziyyət çəkirkən onların qeydinə qalmırıq və demirik, əcəba, onlar acmı, susuzmudurlar? Əcəba, çörəkləri varmı, yoxmu? Mustafa Vəkilov söylədi ki, hər fraksiyanın söylədigi sözünü və fikrini eşitdik. Amma sosyalistlər tərəfindən və müəyyən bir cavab eşitmədik. Məəttəssüf, sizdən əvvəl danışanlar zənn etmirəm eşitməmiş olsunlar və bizim cavabımız müəyyən və aşkar olmasın. Deyirsiniz bu zabastovka

siyasimidir, ya iqtisadi? Əvət, bu zabastovka həm siyasi, həm iqtisadidir və fəhlələrin siyasi zabastovka etməyə hər vaxt ixtiyarları vardır. Və fikrinizə şərik olmuram ki, fəhlənin siyasi tətil etməyə haqqı olmasın. Siyasi tətil etməsə idilər siz burada otura bilməzdiniz. (Soldan alqış). Məsələyə belə baxmamalıdır, məsələni belə qoymamalı, bir zabastovkanın bizə nə qədər xeyri, nə qədər zərəri var.

Bugünkü zabastovkanın həlli üçün Mustafa ağa müəyyən bir cavab istəyir. Bizim cavabımız belədir. Hökumət iqtisadi tələbatı qəbul etməlidir, yoxsa bu, zabastovkanın siyasi tərəfdən güclənməsinə səbəb olar. Promışlenniklər ilə fəhlələrə aid maddələri hökumət gərək qəbul etsin. Hökumətin özünə aid siyasi maddələri bir tərəfə buraxmalıdır. Əgər bu növlə bir maddəni ki, siyasi ədd edirsiniz, çıxarmaqla bizim ilə razı olacaqsınız. Bizim sözümüz yoxdur. Əgər bu maddələr qəbul olunursa, məsələ həll olunar və bununla da fəhlələrin tələbləri təmin olur. Həştərxan ticarət yolunun açılmasını hökumət öz deklarasiyasında söyləmişdir. Əgər Həştərxan yolunun ingilislər əlində olduğundan açılması qeyrimümkündürsə və hökumət də bunun açılması üçün çalışmağına söz verirsə, o zaman zabastovkanın bu gündən dayanmasına biz də səy edərik. (Səslər mərkəzdən: "Siz zəhmət çəkməyin, dayanıb" dayanıb!") Əgər siz həqiqətən fəhlələrin halını yaxşılaşdırmaq istəyirsinizsə, əgər siz doğrudan da fəhlə tərəfdarı bir firqəsinizsə, əgər adınızı fəhlə firqəsi qoyub fəhlələri aldatmaq istəmirsinizsə, o zaman fəhlələrin həqqi və adilanə tələblərini qəbul etməlisiniz ki, bütün tətil dayansın. Mustafa ağa dedi ki, siz istiqlaliyyəti lazımi surətdə müdafiə etmirsiniz və istiqlaliyyətə xələl gətirən düşmənlərimiz ilə bərabər gedirsiniz. Kim danışsa da, siz musavatçılar gərək danışmayasınız. Mustafa ağanın yadına salım ki, 3-4 ay bundan əvvəl demokratiçeski soveşşaniyada qətnamə çıxaranda "Müsavat" firqəsi ümumi Rusiyalığı qəbuledici bir formul çıxardı. Bununla da ikitərəfli siyasət apardığınızı və istiqlaliyyətə tərəfdar olduğunuzu isbat etdiniz.

İndi müttəhim etmək istədiyiniz bizim yoldaşlar o vaxt, o tələbi rədd etdilər. Bizim tələbimiz isə Zaqafqaziyada əmələ gəlmiş cumhuriyyətləri tanımaq ilə bərabər, öz istiqlalımızı da qəbul etdirmək idi. (Soldan alqış, səslər: İndidən danış!

İndidən! Zabastovka barəsində!)

Şəfi bəy (yerindən) - O vaxt zabastovka verdik, keçsə idi də istiqlalımıza bir şey olmazdı.

Əhməd Cövdət (davam edir) - Deməli sizin keçmiş ilə işiniz yoxdur və keçmiş bir təqsir bilmirsiniz. Amma biz bilirik. Və biz sosyalistlər qeyri sosyalistlər ilə bərabər keçmişdə və indi də bütün xırda cumhuriyyətlərin istiqlaliyyəti tərəfdarı olduğumuzla bərabər Azərbaycan istiqlaliyyətinin də indiyəcən tərəfdarı olmuşuq və bundan sonra da olacağıq. Biz sosyalistlər onlar kimi əvvəl bir rezolyusiya verib, indi isə bir başqasını verib qeyrisini müttəhim etmirik. Biz keçmişdə də, indi də Azərbaycan istiqlaliyyəti tərəfdarı olmuşuq, varıx da.

Rəis - Söz Səmədağanındır.

Səmədağa Ağamalı oğlu - Bir neçə söz mən deyəcəyəm. Həqiqətdə də yaşasın bizim fəhlələr və əkinçilər. Onlardan hər kəs nəf götürür. Hətta Musavat da... Onun üçün deyirəm, doğrudan da deyirəm burada bizdən soruşurlar ki, sosialistlər istiqlaliyyət barəsində nə deyirlər. Biz yazmışıq da, demişik də. İndi deməyi özümüzə eyib bilmirik. Hesab istiqlaliyyəti tutub saxlamaqdadır. O yol ki, bunlar tutub gedirlər, o bizi istiqlaliyyətə çatdırmaz, zənn edirik ki, bir əl ilə iki qarpız tutmaq istəyirlər.

Qardaş-qardaşla tən gərək. Ola bilməz ki, məndən sənə artıq getsin. Necə ki, Aşurov danışdı. O qorxur ki, bəlkə sabah su da tətil etdi. Onda qarnına bir şey getməsin. Fatıya tuman olmasın. Sözümü tamam edirəm. İnanız, təzədən deyirəm. Ay sosialist yoldaşlar, cühüd, firəng, ingilis deyilsiniz. Siz haman kontrrevolyusionersiniz. Mən təklif edirəm, bu zabastovka rahətlik ilə qurtarsın.

Rəis - Təklif var ki, natiqlərin sırası kəsilsin. İki nəfərə söz verəcəyəm, biri lehinə, digəri əleyhinə. Kim əleyhinə danışmaq istəyir?

(Qara bəy yerindən: Səsə qoyunuz)

Rəis - Yoxsa səsə qoyaram. Kim natiqlərin siyahisinin kəsilməsi tərəfdarı isə, əlini qaldırsın. Əksəriyyət rəylə natiqlər siyahisi kəsilir. (Yerdən: Neçə adam qalıb?).

Rəis - Qalıb iki nəfər. Söz Abbasqulu Kazımzadənindir.

Abbasqulu - Möhtərəm əzalar! Azaze dohəl əz dur şənidən xoş əst. Natiqlər bizə çox gözəl, şirin nəsihətavər sözlər dedilər. Bizim istiqlalımızın müdafiəsinə çalışdılar. Biz buna bəyani-təşəkkür edərik. Fars deyər: Bə yek kare, şoma do kar. Bir iş ilə iki iş görmək istəyirlər. Bir tərəfdən deyirlər ki, Hacıtərxana yol açılsın. Biz oraya neft göndərək, oradan bizə çit, ayaqqabı gəlsin. Onlar deyirlər ki, neft burada yığılıb qalır. Bunun fəhlələrə zərəri var. Bu məni düşündürür ki, yenə bizim sosyalistlərimizi bu fikrə salır. Bəxtaki hökumət para verir, yenə verəcək, stanoqda öz qaydasilə işləyib pul kəsir, niyə fikir edirsiniz. Və yenə fəhlə üçün qorxursunuz? Fəhlə bir kəsin monopoliyası dəyil, fəhlə özü öz mənafeini anlayır, o düşünür ki, hansı onun faydasıdır. Buyursunlar, fəhlə arasına gedib görsünlər. Fəqət, bu şeylər köhnə şeylərdir. Bu gün parlamanda açıq söyləməli, təvəqqö edirəm qulaq asasınız. Biz həqiqətən istiqlalın tərəfdarıyıq. Nazik-nazik, incə-incə, sağdan və soldan heç kəsi aldatmaq olmaz. Xüsusən, Ağamalı oğlu demişkən əkinçi və fəhlə bunun zəhməti üstünə gətirir. Keçən martda fəhlələrin çəkdiyi zəhmət və müsibətləri unutmayacaqlar. Bu gün bizim yoldaşımız Pepinov deyir ki, biz doqovorun bəzi maddələrini qəbul edərik. Fəqət, lazımdır ki, bu sözü Çurayev və Ruxlinlər deyə idi. İndi çox gecdir. Bu gün bizim zəhmətkeşlərimiz anlamışdır ki, burada onlara bir əldə şirin alma və bir əldə zəhər təklif edirlər. Acı zəhəri şirin alma ilə vermək istəyirlər. Fəqət, yoldaşlarımız, sosialistlərin sözünü təhlil etdikdə anlaşılır ki, bizi bolşeviklərə basdırmaq istəyirlər. Bizim əlimizdə olan üç rəngli bayrağı da endirmiyəcəklər. Bu gündən yaxşı gün yoxdur. Buyursunlar, itmam versinlər və desinlər ki, zərəri var.

Bunu da söylədilər ki, keçən dəfə musavatçılar istiqlaliyyətin əleyhinə qətnamə çıxarmışlardır. Əcəba, bu qətnamə ilə siz bugün üzərimizdə də demaqoqluq şüarı taxıb ad qazanmaq istəyirsiniz. Bizə deyirlər ki, fəhlələrin hüququna təcavüz edirsiniz. Əcəba, biz onların nə kimi hüquqlarına təcavüz etmişik. Evdə oturub xaricilərin dalısına düşməklə onların göstərdiyi yol ilə getmək, türk demokratiyasının mənafei gözlənmir, biz açıq və aydın deyirik. Xalq demokratiyası kimsənin monopoliyasında dəyil, bunu fəhlələrdə qanmışlardır.

Keçən martda, qrajdan müharibəsi zamanında fəhlə və füqərayi-kasibəni neft quyularına doldururdular. Əgər bunlara sübut istəsəniz buyurun fəhlələrin arasına gediniz. Onların o xüsusdakı şikayətlərini eşidiniz. Madam ki, sizin fikir etdiyiniz bir yol ki, siz tutursunuz oturun, demokratiyasının fikri və əqidəsi dəyildir, eyni zamanda istər ağ, istər qara, istər qırmızı bir qüvvənin Azərbaycanda yeri yoxdur, bunun əleyhinə çıxan bilafərq sinif, bütün Azərbaycan demokratiyasıdır. Öz imanınız ilə deyiniz, bugün yoldaşlarınız hansı tətil komitələrində əyləşib, tətilin müvəffəqiyyətlə getməsi üçün nə kimi hökmlər verirlər. Əlbəttə ki, biz öz Azərbaycanımızda hər bir hökumət düzəltməyə qadirik. İstər Sovet hökuməti olsun, istər başqası olsun.

Rəis - Söz Məmməd Əmin Rəsulzadənindir.

Yazının davamını bu linkdən oxuyun