success closed Loading...

Azərbaycanın Milli Qəhrəmanları – Fərhad Hümbətov və Elman Hüseynov + DOSYE

Enter.News fəaliyyətə başladığı gündən tarixi əhəmiyyətli yazıları, məktubları və bu qəbildən olan digər materialları hazırlayaraq yayımlayıb. Hər həftənin sonlarında Azərbaycanın Milli Qəhrəmanları haqqında olan yazıları oxuculara təqdim edirik. Milli Qəhrəmanların keçdiyi döyüş yolundan bəhs edən bu layihə yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və qəhrəmanlarımızın tanıdılmasına xidmət edir. Növbəti material Azərbaycanın Milli Qəhrəmanları Hümbətov Fərhad Qənbər oğlu və Hüseynov Elman Süleyman oğlu barəsindədir.

news-detail

HÜMBƏTOV FƏRHAD QƏNBƏR oğlu

10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində doğulmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Hamamlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücümexanik peşəsinə yiyələnmişdir. 1986-cı ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçmişdir. O, 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur. O zaman F.Hümbotovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdı. O, bütün çətinliklərə baxmayaraq doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.

1990-cı il 20 Yanvar faciəsi zamanı o, təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri qarşısına çıxan hər şeyi əzib keçirdi. Onlar heç kimə aman vermirdilər. Fərhad bir az da ləngisəydi tankın altında qalacaqdı. Bu hadisədən sonra o, bir tankçı kimi Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyur və 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılır, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.

Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçirmiş və düşmənin 5 postunu dağıtmışdır. 1992-ci il... Martın 29-u... Son döyüş... Fərhad öz dəstəsi ilə Xocalının Kosalar kəndində əməliyyat kcçirir. Qüvvələr nisbəti ermənilərin xeyrinə idi. Buna baxmayaraq, düşmən xeyli canlı qüvvə itirdi. Xankəndi yaxınlığında artıq qüvvələri tükənir. Əlavə qüvvə gəlmədiyinə görə öz dəstəsi ilə geri çəkilmək məcburiyyətində qalır. O, bu döyüşdə bir neçə yaralını xilas etsə də, özü qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Binəqədi rayonunda adına park salınmış və burada büstü qoyulmuşdur.

news-detail

HÜSEVNOV ELMAN SÜLEYMAN oğlu

28 fevral 1952-ci ildə Tərtər rayonunun İlxıçılar kəndində dünyaya göz açmışdır. 1958-ci ildə birinci sinfə getmiş, 1968-ci ildə Qaraqoyunlu kənd orta məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1973-cü ildə həmin İnstitutun Hidromeliorasiya fakültəsini bitirir və zabit kimi Gürcüstanda hərbi xidmətə göndərilir. 1975-ci ildə ordudan tərxis olunur və dogma rayonunda müxtəlif vəzifələrdə çalışır.

1988-ci ildə Qarabağda və eləcə də digər sərhəd rayonlarında elan olunmamış müharibə getdikcə daha da alovlanırdı. Azğınlaşmış erməni quldurları torpaqlarımızı zəbt etmək məqsədi ilə irimiqyaslı hücumlar təşkil edirdilər. Sərhəd bölgəsində yerləşdiyindən Tərtər rayonu da tez-tez hücumlara məruz qalırdı. 1991-ci il... Sentyabrın 22-i... O, Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafiə qərargahı yaradır və özü də onun rəisi olur. Elman Hüseynov 12 noyabr 1991-ci ildə “Tərtər” batalyonuna komandir təyin edilir. O, bir komandir kimi “Tərtər” özünümüdafiə batalyonunun siyasi oyunlardan uzaq olmasını, bu oyunlarda iştirak etməməsini və yalnız doğma torpaqlanmızı azğın düşməndən azad elməsini qarşısına məqsəd qoymuşdu.

“Tərtər” batalyonunun döyüşçüləri vuruşduqları hər yerdə özünəməxsus iz qoyurdu. Ağdərə, Seysulan, Yarımca, Çaylı, Marquşevan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasapet, Drambon, Mağavuz, Çıldıran... Bu yaşayış məntəqələrinin erməni işğalçılarından təmizlənməsi uğrunda o, rəşadətlə vuruşmuşdur. Bu döyüşlərdə onlarla erməni yaraqlısı məhv edilmiş, xeyli silah-sursat qənimət götürülmüşdü. Batalyon komandiri döyüşlərdə neçə dəfə yaralansa da, silahdan, səngərdən ayrılmamışdı. 14 yanvar 1993-cü il... Cəsur komandir Vəng kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Evli idi. Bir oğlu, iki qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilmişdir. Tərtər şəhərindəki küçələrdən biri onun adını daşıyır. Tərtər şəhərində büstü qoyulub.