success closed Loading...

Sultan Məcid Qənizadə - Nə məscidlər kilsə kimidir, nə də mollalar keşiş kimi

Demokratik respublika qurmağı qarşısına prinsipial məqsəd kimi qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da 2018-ci ilin Cümhuriyyət ili elan olunduğundan Enter.News hər həftənin şənbə və bazar günləri Cümhuriyyət parlamentində olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağa qərar verib.

Yazının davamını bu linkdən oxuyun

№ 49

Qırx doqquzuncu iclasın davamı

19 iyun 1919-cu il

Əbdüləli bəy Əmircanov - (Hökumət təşkil edilən vaxt dokladını oxuyur). Üç növ vergi olduğuna görə üç kargüzar lazımdır ki, vergi işlərinə baxsın. Biri okladnoy sbor vərəqə üzrə; biri də ne okladnoy sbor vərəqəsiz, biri də gömrük (oxuyur). Sabiqdə maliyyə naziri Hacınski Məmməd Həsən parlamana bir ərzi-hal təqdim etmişdi ki, şöbə ikiyə bölünsün. Bu qanunu parlamanda keçməmiş. Yeni maliyyə naziri bu 2-ci şöbəni də ayrı bir şöbə öz müdiri ilə okladnoy işlərinə baxır; xüsusi şöbədə gömrük işlərindən ötəri istər okladnoy və ne okladnoy şöbələrinin smetası parlamandan keçibdir. Tazə gömrük şöbəsindən ötəri ildə 14 min rublə istənilir. Maliyyə və büdcə komissiyası əksəriyyətlə bunu qəbul edib, parlamana pişnihad edir. (Oxuyur). Bu yarım illik paranın yarısıdır. (Oxuyur). Bu on min və yeddi min də əvvəldən qəbul olunmuşdur. Mərkəzi gömrük idarəsinə və artırılmasına 14 min rublə istənilir. (Rusca).

Rəis - Layiheyi-qanuniyyənin əsasları barəsində kim danışmaq istər. Aşurov Ağa.

Aşurov - Necəki burada dokladçik buyurdular bu məsələyə 2-ci dəfə baxılır. Yadınızdadır ki, əvvəlinci dəfə baxılanda mənim təklifimə görə parlamanın qərarı bu oldu ki, məsələ ilə fraksiyalar aşina dəgil, əvvəlcə fraksiyalara göndərilsin, sonra parlamana gəlsin. Odur ki, indi gəlir. Orada səbəb göstərilmişdi ki, gömrükxana işi maliyyə nəzarətində olmamalıdır. Ona görə də qaytarıldı. Bu barədə də burada bir şey deyilmədi. Məlumdur ki, tamojna işinə [nəzarət] həmişə Rusiyada ticarət nəzarətində olub; lakin Vitte məşhur Malbundan olduğundan və sonra Maliyyə naziri olduğundan hər işi öz öhdəsinə aldığı kimi bunu da öz öhdəsinə götürmüşdü. Məsələ Zaqafqaziya seymində də keçdi. Əvvəlki yoluna qaytarıldı. Tamojna işi ticarət komisyonuna qaytarıldı. Həmçinin Azərbaycan təşkil olanda ticarət nəzarətində idi. Lakin Bakıya gələndən sonra maliyyə nəzarətinə verildi.

Məlumdur ki, ticarət məsələsi başqa, siyasət başqadır. Gömrükxana ilə ayrı şeylər olur. Buna bir mədaxil nəzərilə baxmaq olmaz. İndi nə görürsünüz, məsələn Kür, maliyyə nəzarəti nazirliyinə tabe olmalıdır. Halbuki maliyyə naziri ilə gömrükxananın yalnız bir katibəsi var. Amma iş ticarət naziri ilədir. Gündə də gömrükxana ilə davası var. Biri yazır malı burax, digəri yazır yox. Bir control maliyyə nəzarəti tərəfindən var, biri də ticarət nəzarətindən. Əgər baxsanız, görərsiniz ki, təcrübə nə göstərir. Gömrükxana idxalat ilə ixracatı tənzim edir, intizama salır. Düzdür gömrük alırıq, fəqət mən sual edirəm, deyilsin görək idxalat və ixracat işləri ancaq maliyyə nəzarətin öhdəsində olsunmu? Əsl məsələ də buradadır ki, bu iş ticarət nazirinin işidir.

Çünkü orada mübadileyi-əmval və gömrük işləri vardır. Bunları da ticarət naziri bildiyi üçün əlbəttə, onun əlində olmalıdır. O vaxt ərz elədim, yenə təvəqqe edirəm bu əsas barəsində məruzəçi bizə bir şey buyursun, əgər məlumatı yoxsa yenə də layihə komisyonuna qaytarılsın, komisiya məlumat cəm edib parlamana pişnihad etsinlər.

Rəis - Bu barədə daha kim danışmaq istərdi? Danışmaq istəyən yoxsa, son söz məruzəçinindir.

Əmircanov - Layiheyi-qanuniyyə barəsində Ağa Aşurov buyurandan görünür ki, bu işlər gərək ticarət nəzarətində olsun, maliyyə nəzarətində olmasın. Bu işlərin hansı nəzarətdə qalması barəsində layihədə heç bir şey yoxdur. Fəqət, bilmirəm Ağa Aşurov hansı bir əsasla deyir ki, bu işlər Rusiyada ticarət nəzarətində olub. Vəhalanki Rusiyada 20 il deyil ki, ticarət nəzarəti təsis olmuşdur. O vaxta qədər ticarət nəzarəti yox idi. Ondan qabaq həmişə maliyyə nəzarətində olub. Bir şeydən ki, gəlir var maliyyə nəzarətində olmalıdır. Ona görə buna gəlir gözülə baxıldığından maliyyə nəzarətinə verilib. Fəqət, yenə ərz edirəm ki, burada bir elə şey yoxdur.

Rəis - Qanunən layihənin ikinci qiraətinə keçilməsini səsə qoyuram. Kim layiheyi-qanuniyyənin ikinci qiraətinə keçməyi qəbul edirsə, rica edirəm, əlin qaldırsın. (Ağa Aşurov yerindən: Bəs mənim təklifim nə oldu? Təklifim var). Rica edirəm. Səsə qoyulan zaman mane olmayasınız. Hər kəs layihənin ikinci qiraəti tərəfdarıdırsa, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə layiheyiqanuniyyənin ikinci qiraəti qəbul olunur. (Katibə) Oxuyunuz.

Katib - Layihənin birinci maddəsini oxuyur.

Rəis - Əvvəlinci maddə xüsusunda kim danışmaq istərdi?

Aşurov (yerindən) - Mənim təklifim var.

Rəis - Nə buyurursunuz Ağa?

Aşurov (yerindən) - Bəs mənim təklifim nə oldu?

Rəis - Məndə təklif-zad yoxdur. Rica edirəm, əyləşəsiniz. Əvvəlinci maddə xüsusunda kim danışmaq istərdi. Danışmaq istəyən yoxsa, səsə qoyuram. Əvvəlinci maddəni hər kəs qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Əvvəlinci maddə əksəriyyət ilə qəbul olunur. 2-cini oxuyunuz.

Katib - 2-ci maddəni oxuyur.

Rəis - İkinci maddə xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən yoxsa, səsə qoyuram. İkinci maddəni hər kəs qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). İkinci maddə əksəriyyət ilə qəbul olunur. 3-cünü oxuyunuz.

Katib - 3-cü maddəni oxuyur.

Rəis - Üçüncü maddə xüsusunda kim danışmaq istərdi. Danışmaq istəyən yoxsa, səsə qoyuram. Üçüncü maddəni hər kəs qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Üçüncü maddə əksəriyyət ilə qəbul olunur. Dördüncünü oxuyunuz.

Katib - 4-cü maddəni oxuyur.

Rəis - Dördüncü maddə xüsusunda kim danışmaq istəyir. Danışmaq istəyən yoxsa, səsə qoyuram. Kim 4-cü maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Dördüncü maddə də əksəriyyət rəylə qəbul olunur. 5-ci maddəni oxuyunuz.

Katib - 5-ci maddəni oxuyur.

Rəis - 5-ci maddə xüsusunda kim danışmaq istərdi. Danışmaq istəyən yoxsa səsə qoyuram. Kim 5-ci maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). 5-ci maddə əksəriyyət ilə qəbul olunur. Layiheyi-qanuniyyənin üçüncü qiraəti qalır gələn iclasa. Növbədəki məsələ maliyyə nazirinə ikinci müavin təyini xüsusunda layiheyi-qanuniyyədir. Məruzəçi Əbdüləli bəy Əmircanov.

Əmircanov - Maliyyə nəzarətinin 21 oktyabr 1918-də təsdiq edilmiş ştatında maliyyə naziri üçün yalnız bir müavin məmuriyyəti vardır. Müruri zaman ilə hal-hazırda maliyyə nəzarəti idarəsinin mərkəzi idarəsi cəhəti fövqəladə genişləndirir, belə ki, maliyyə nazirinin maliyyə işlərindən başqa bir işi də budur ki, ayda 605 milyon paranı mədənçilər arasında təmsil edər. Bundan başqa bank və kredit işləri maliyyə nəzarətinə keçmişdir ki, bu işlər bu vaxta qədər hökumət bankı müəssisənin vəzifəsi idi. Bundan əlavə hökumət parası çıxarmaq və kredit işləri maliyyə naziri öhdəsində qalmışdır. Maliyyə naziri böylə bir layiheyiqanuniyyə təqdim edib bu işləri iki müavin arasında bölmək istəyir. Bu müavinlərdən biri hökumət parası çıxarmaq və hazırlamaq işlərinə, digəri idarə işinə və sair işlərinə baxacaqdır.

Həmin müavinə ildə 60.300 rublə məvacib təklif edilir. Maliyyə büdcə komisyonu əksəriyyət ilə bu layiheyi-qanuniyyəyi qəbul edib, təsdiq olunmaq üçün parlamana təqdim edir. Layihə böylədir. (Oxuyur).

Rəis - Məruzə xüsusunda kim danışmaq istərdi? Danışmaq istəyən yoxsa, səsə qoyuram. Komissiyonun təklifinə görə maliyyə nazirinə ildə 60 min maaş ilə ikinci bir müavin lazımdır. Kim bu təklifi qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Kyüsterə) Kvorum varmı?

Kyüster - var.

Rəis - Komisyonun təklifini hər kəs qəbul edirsə, rica edirəm, əlini qaldırsın. (Əllər qalxır). Kim əleyhinədir? (Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). Ləhinə 24, əleyhinə 13, səs verməyən 9. Əksəriyyət rəylə komisyonun təklifi qəbul olunur. Növbədəki məsələyə keçmədən beş dəqiqəlik tənəffüs elan edirəm.

Tənəffüs elan olunur.

Tənəffüsdən sonra.

Rəis - İclas dəvam edir. Növbədəki məsələ yer və tövci vergiləri xüsusunda layiheyi-qanuniyyədir. Sonra sırada Məclisi-Müəssisan seçkiləri qanun layihəsinə keçərik. 16 maddə qalıbdır. Söz Rza bəy Ağabəyovundur.

Ağabəyov - Bu yer tövcü vergisi məsələsi 3-cü, 4-cü səfərdir ki müzakirəyə qoyulur, amma heç müzakirə edilməyir. İndi də mənə deyilir ki, təxir edilsin. Çünki bu qanundan gəlir və mədaxil gözlənir; ona görə də təklif edirəm ki, əvvəlcə bunun barəsində danışılsın. Mümkün olsa bunu tez qurtaraq.

Rəis - Mehdi bəy Hacınski.

Mehdi bəy Hacınski - Möhtərəm məbuslar! Məncə Məclisi-Müəssisan layihəsi daha lazımlıdır. Düzdür, tövcü vergisi məsələləri lazımlıdır; lakin onlardan gözlənilən verginin vaxtı keçməyir; hər vaxt almaq mümkündür. Məclisi-Müəssisana hazırlaşaq, ona görə təklif edirəm, əvvəl bu məsələyə baxılsın.

Rəis - Təklifi səsə qoyuram. (Rusca). Divani-Rəyasətin əvvəlcə Məclisi-Müəssisan seçkinin layiheyi-qanuniyyəsinə baxması təklifini səsə qoyuram; kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyəti ilə qəbul olunur. Növbədəki 90-cı maddədir. Əvvəlcə, müsaidəniz ilə komisyonlara namizədlər göstərilməlidir. Komisyonlara bu namizədlər göstərilir. Topraq komisyonuna Rüstəmbəyov, Baxış bəy və Qara Ağazadə, Əhməd Həmdi fəhlə komisyonuna, Baqradze (Tsaxakaya əvəzinə) layiheyi-qanuniyyə komisyonuna Camalbəyov əvəzinə Rzayev, Kun və Baqradze.

Rəis - Məmməd Əmin.

Məmməd Əmin Rəsulzadə - Namizədlər haqqında keçəndə bir tərtib var idi Tsaxakaya, əqəliyyətdə qalanların namizədi idi. Onun əvəzinə Baqradze göstərilir. Bu doğru olmaz. Çünki Baqradze sosialistlər fraksiyasına mənsub olduğunu elan etdi. O vaxt sosialistlərdən üç adam intixab edilmiş olur. Əgər əqəliyyətdə qalanların başqa namizədləri varsa, onu göstərsinlər.

Rəis - Burada Kun da var. Növbədəki 90-cı maddədir. Katib oxuyunuz. (Mehdi bəy oxuyur).

Rəis - 90-cı maddə xüsusunda kim danışmaq istərdi? Yoxsa səsə qoyuram. Kim qəbul edirsə 90-cı maddəni əlini qaldırsın. 90-cı maddə əksəriyyətlə qəbul olunur.

Katib - 91-ci maddəni oxuyur.

Rəis - 91-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. 91-ci maddə əksəriyyət rəylə qəbul olunur.

Katib - 92-ci maddəni oxuyur.

Rəis - Rza bəy Ağabəyov.

Ağabəyov - Burada deyilir ki, hər kəs namizədlər barəsində yalan xəbər nəşr edər, cəzalanacaq, özü də şiddətli. Bu ümumi qanunda var. Böylə bir qanun ola-ola mən bunu artıq bilirəm. Təklif edirəm ki, bu qanun götürülsün.

Rəis - Daha kim danışmaq istərdi. Danışmaq istəyən yoxsa axırıncı sözü məruzəçiyə verirəm.

Məmməd Əmin - Natiq əfəndinin söylədiyi doğrudur. Bir şəxsin haqqında yalan deyilsə, yalançı cəzalanar. Lakin burada başqa şeylər də var. Divarlardan vərəqələri cıranlara cəza verilməlidir.. Bir də yalan danışmaqda müttətim edilənlərə cəza veriləcək ki, bu da intixab nəticəsinə sui-təsir edə bilər. Buna görə də cəzanı şiddətləndirmək təhti-qərara alınmışdır. Bununla yalan danışanların cəzası bir qədər də artıq olarsa, kimsə bundan mütəzərrir olmaz. Bəlkə yalan danışma kimi bir əməlin qarşısını almış olarıq. Komisyonda buna ayrıca əhəmiyyət verilmişdir; Vaxta ki, yalan danışan cəzalanır, qoy bir az da artıq cəzalansın.

Rəis - 92-ci maddəni səsə qoyuram. Kim qəbul edirsə rica edirəm əlini qaldırsın. Əksəriyyət rəylə qəbul olunur.

Katib - 93-cü maddəni oxuyur.

Rəis - Səsə qoyuram 93-cü maddəni, qəbul edənlərdən, rica edirəm, əlini qaldırsın. 93-cü maddə əksəriyyət rəylə qəbul olunur.

Katib - 94-cü maddəni oxuyur.

Rəis - 94-cü maddəni səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəylə qəbul olunur.

Katib - 95-ci maddəni oxuyur.

Rəis - 95-ci maddəni səsə qoyuram. Qəbul edənlərdən, rica edirəm, əlini qaldırsın. Əksəriyyət rəylə qəbul olunur.

Katib - 96-cı maddəni oxuyur.

Rəis - Sultan Məcid Qənizadə.

Sultan Məcid Qənizadə - Mən bu maddə xüsusunda istərdim danışam. Burada deyilir ki, kilsə və məscidlərdə mövizə sayaqında ruhanilər tərəfindən təbliğat olunmasın. Kilsədə bu müamaniət etmək olursa, məsciddə də olmalıdır.

Çünkü nə məscidlər kilsə kimidir, nə də mollalar keşiş kimi. Ancaq mən deyərdim ki, məscidin mənası bu mənada qanılmasın. Keşişlər gəlib kilsələrdə dua edib gedirlər. Lakin ruhanilər böylə deyildir. Mühüm məsələlərimiz bizim həmişə məsciddə həll edilmiş. Ruhanilərimiz də həmişə cəmaət üçün rəhbər olmuşlardır. Onlar nəinki dua və namaz işində, hətta dünyəvi işdə də, məsələn ticarət və qeyri işlərdə cəmaətə rəhbər və yol göstərən olurlar. Çünkü məzhəb öylə bir məbəddir ki, ruhani işlərlə bərabər dünyəvi işlər də, ticarət və sənaət kimi gərək şəriət yolu ilə olsun. Bunu dedikdə ki, mövizə olunmasın, bu da kinayədir üləmayə. Məscidlərin həyətində seçki xüsusunda mövizə sayağında söz danışmasınlar. Halbuki ruhanilər mali-din, nasiri millətdirlər. Bəlkə bir növ onlara ehtiramsızlıq göstərilir. Qabaqkı maddələrin birində zabitləri və polisləri intixabatdan məhrum etdik ki, onlar seçki işlərinə təsir göstərməsinlər. Ruhanilər haqqında bu iş tətbiq olunarsa, onda onları polis məmurları ilə müqayisə etmiş olarıq və halanki, polis seçki yerinə gələndə əlində taziyanə və qamçı ilə gəlir, ruhanilər isə mövizə ilə gəlirlər. Vaxtaki biz İslam səltənəti istəyirik, görək əsasımız doğru yol ilə olsun. Bu doğru yolda bizə ruhanilər göstərəcək ki, hanki yol cavabdır. Onları nə üçün uzaq qoyaq; o işlərdəki onlar hər zaman rəhbər olurlar. Nə üçün Məclisi-Müəssisan seçkilərində rəhbər olmasınlar. Gələcəkdə onlar millətin və cumhuriyyətin saədətinə zamindirlər. Mən iltimas edərdim, bu maddə buradan çıxsın. Hərgah keşişlərin haqqında qalsalar da mollalar üçün qalmasın. Kilsələrdə olsa da məscidlərdə olmasın. Mən bununla bunu deməyirəm, məscidlər kilsələrdən, mollalar keşişlərdən artıq olsunlar. Mən deyirəm ki, islamiyyətdə məscid, kilsə kimi deyil.

Məsciddə cəmaətin ümumi məsələləri həll olunur.

Rəis - Sırada natiq olmadığından... Söz Əhməd Cövdət bəy Pepinovundur.

Davamı var...