success closed Loading...

Müstəqil Azərbaycanın beşinci Baş naziri - Surət Davud oğlu Hüseynov + DOSYE

Fəaliyyətə başladığımız gündən oxucularımızı tarixi yazılar, məktublar və maraqlı araşdırmalarla tanış edirik. 09.01.2017 tarixindən etibarən isə Enter.News 1918-ci ildən bu günə kimi olan Azərbaycanın Baş nazirləri – hər bir Baş nazir haqqında geniş və təhlil yazıları təqdim edir.

Bu o demək deyil ki, bu yazıları təqdim etməklə biz onları və onların fəaliyyətini təqdir edirik. Sadəcə olaraq bu bizim keçmişimiz  və tariximizdir. Keçmişimizi yaxşı öyrənək ki, gələcəkdə oxşar səhvlər buraxmayaq…

İndi təqdim etdiyimiz şəxs isə 1993-cü il iyunun 30-dan 1994-cü il oktyabrın 7-nə kimi Baş nazir olan Surət Davud oğlu Hüseynovdur.

(Dördüncü Baş nazir haqqında bu linkdən oxuyun)

Surət Davud oğlu Hüseynov 1959-cu ildə anadan olmuşdur. Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Qəhrəman olub.

1980-ci ildə Gəncə şəhərində fəhlə işləmiş, xalça-mahud kombinatında usta köməkçisi, operator köməkçisi olmuş, 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləmişdir. 

news-detail

1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini – Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri olmuşdur. 1993-cü ilin martından Azəryunsənaye Dövlət Şirkətinin prezidenti olmuşdur. Gəncə hadisələrindən sonra 1993-cü il iyunun 30-da Azərbaycan Respublikası Prezidenti Heydə Əliyevin fərmanı ilə baş nazir təyin edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi bu qərarı həmin gün təsdiq etmişdir. 1994-cü il oktyabrın 7-də isə baş nazir vəzifəsindən azad edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı fərmanda deyilir: “1994-cü il oktyabrın 4-də… Azərbaycan Respublikasının müstəqilliyi və konstitusiya dövlət quruluşu əleyhinə yönəldilmiş silahlı qiyam nəticəsində qeyri-qanuni silalhlı dəstələr Gəncə şəhər və rayon icra hakimiyyətlərini, Milli Təhlükəsizlik Nazirliyinin şöbəsini, şəhər və rayon polis şöbələrini və digər dövlət orqanlarını zəbt etmiş, hava limanını, dəmiryolu, vağzalı, telestudiyanı almış, şəhərin giriş və çıxış yollarını bağlamış və şəhər rabitəsi pozulmuşdur. Dövlət qoşunları tərəfindən qiyamın qarşısı alınarkən cinayətkarlar 3 hərbi qulluqçunu öldürmüş və 4 nəfəri yaralamışlar.

Gəncə şəhərində silahlı qiyamın yatırılması zamanı baş nazir Surət Hüseynov nəinki fəaliyyətsizlik göstərmiş, hətta silahlı qiyam zamanı Azərbaycan Respublikası Prezidentinmn göstərişlərinə tabe olmamışdır. Bütün bunlar baş nazir Surət Hüseynovun Gəncədə baş vermiş silahlı qiyam ilə bilavasitə bağlı olmasına dəlalət edir.

news-detail

Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının baş naziri Surət Hüseynovun Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəhbərlik etdiyi dövrdə işində ciddi nöqsanların olmasını və onun öz vəzifəsinin öhdəsindən gələ bilməməsini nəzərə alaraq, etimadını itirdiyinə görə və Azərbaycan Respublikası Konstitusiyasının 121-4-cü maddəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alıram:

Surət Davud oğlu Hüseynov Azərbaycan Respublikası baş naziri vəzifəsindən azad edilsin”.

S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclisin üzvlüyündən azad edilmişdir. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul etmişdir. O, həbs olunsa da, həbsxanadan qaça bilmişdir. Azərbaycandan qaçıb getmiş S.Hüseynov Rusiyada həbs olunmuş və məhkəmə qərarı ilə ömürlük həbs cəzasına məhkum edilmişdir. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olunmuşdur. Bundan sonra o, siyasətlə məşğul olmamışdır.

P.S. Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Cavid Hüseynovun həmmüəllifi olduqları “Azərbaycanın baş nazirləri” kitabından götürülüb.