success closed Loading...

Sovet Azərbaycanının beşinci Xarici İşlər naziri - Elmira Mikayıl qızı Qafarova + DOSYE

09.01.2017 tarixindən başlayaraq 1918-ci ildən bu günə kimi olan Azərbaycanın Baş nazirləri – hər bir Baş nazir haqqında geniş və təhlil yazıları təqdim etdik. 08.07.2017 tarixindən etibarən isə Enter.News 1918-ci ildən bu günə kimi olan Xarici İşlər nazirlərimiz haqqında yazını təqdim edir. Sovet Azərbaycanının beşinci Xarici İşlər naziri 1983-cü il dekabrın 1-dən 1987-ci ilin dekabrın 22-ə qədər nazir olan Elmira Mikayıl qızı Qafarova barəsindədir.

Öncəki Xarici İşlər naziri haqqında bu linkdən oxuyun

Azərbaycanın ictimai, siyasi və dövlət xadimlərindən biri Elmira Mikayıl qızı Qafarova olmuşdur. E.Qafarova 1934‐cü il martın 1‐də Bakıda qulluqçu ailəsində anadan olmuşdur. 1953‐cü ildə orta məktəbi müvəffəqiyyətlə, 1958‐ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diploma ilə bitirmişdir. O, Universietetdə oxuduğu zaman ən fəal tələbələrdən olmuş və Azərbaycan Dövlət Universitetinin komsomol komitəsinin katibi vəzifəsində işləmişdir.

1958‐1961‐ci illərdə E.Qafarova ADU‐nun aspirantı olmuş və namizədlik dissertasiyasını müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

E.Qafarova 1961‐1962‐ci illərdə Azərbaycan KP MK‐da elm və ali məktəblər şöbəsində təlimatçı, 1961‐1962‐ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının katibi vəzifələrində çalışmışdır. Tezliklə respublika gəncləri arasında böyük hörmət və nüfuz qazanan E.Qafarova Azərbaycan LKGİ‐nin birinci katibi seçilmişdir. O, bu vəzifədə 1966‐1970‐ci illərdə işləmişdir.

E.Qafarova bu məsul vəzifədə Azərbaycan gənclərinin həyatda, təhsildə, istehsalatda bilik və bacarıqlarının artırmaları, inkişaf etdirmələri sahəsində xeyrli zəhmət çəkmişdir.

E.Qafarova 1970‐1971‐ci illərdə Azərbaycan KP MK mədəniyyət şöbəsi müdirinin müavini, 1971‐1980‐ci illərdə isə Azərbaycan KP Bakı Komitəsinin ideologiya katibi olmuşdur. O, bu vəzifədə Bakı şəhərinin abadlaşdırılması, yaşıllaşdırılması, fəhlələrin, xüsusən gənc fəhlələrin partiyanın ideoloji mübarizəsinə cəlb edilməsi sahəsində xeyli iş görmüşdür.

1980‐1983‐cü illərdə Azərbaycan SSR maarif naziri vəzifəsində çalışmış E.Qafarova Azərbaycanda maarifçiliyin yayılmasında, məktəb şəbəkələrinin çoxaldılmasında, savadlı, bilikli, təcrübəli müəllimlərlə təmin olunmasında, uşaqların təhsilə cəlb edilməsində yaxından iştirak etmiş, bir sıra məktəb olimpiadalarının əsas təşkilatçısı olmuşdur.

E.Qafarova 1983‐1987‐ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsini daşımışdır. E.Qafarova xarici işlər naziri kimi Azərbaycanın Avropa, Asiya və Afrikanın bir sıra ölkələri ilə siyasi, ictimai və mədəni əlaqələrinin genişləndirilməsi, bir‐birinə nümayəndələr göndərməsi sahəsində, beynəlxalq müşavirə, konfrans və sessiyalarda yaxından iştirak etmişdir. O, 1984‐cü ilin oktyabrında BMT Baş Məclisinin XXXIX sessiyasının və onun komitələrinin iclaslarında iştirak və çıxış etmişdir. BMT Baş Məclisinin XXXIX sessiyasının üçüncü komitəsinin nümayəndələri irqçilik və irqi ayrı‐seçkilik qalıqlarının kökünü kəsmək məsələlərini müzakirə etmişlər. Diskussiyada birinci çıxış edən E.Qafarova irqi ayrı‐seçkiliyi kəskin tənqid edərək demişdir: “Bütün sahələrdə irqi ayrı‐seçkiliyi şirnikləşdirənlər hansı demokratiyadan, hansı vətəndaşlıq hüquqlarından, siyasi və ya sosial‐iqtisadi hüquqlardan danışa bilərlər”.

E.Qafarova üçüncü komitənin “Beynəlxalq gənclər ili: iştirak, inkişaf və sülh” diskussiyasında çıxış edərək demişdir: “Gənclərin işsizliyi və qeyri‐hüquqi vəziyyəti problemi bir sıra ölkələrdə ağır problemdir. Çox vaxt gənclər irqçiliyin, aparteidin və irqi ayrı‐seçkiliyin obyekti olur, onların əsas siyasi və sosial‐iqtisadi hüquqları kobud şəkildə tapdalanır... BMT bunların həllinə daim diqqət yetirməlidir”.

1987‐1989‐cu illərdə E.Qafarova Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmışdır. O, bu vəzifədə də humanitar sahələrə – elm, mədəniyyət, maarif sahələrinə rəhbərlik etmişdir.

Məsul vəzifələrdə inam və xalqa sədaqətlə, pillə‐pillə addımlayan E.Qafarova 1989‐1990‐cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. O, Rəyasət Heyətinin sədri kimi bir sıra iqtisadi və siyasi əhəmiyyətli sərəncam və qərarlarının verilməsində fəal iştirak etmişdir. 1989‐cu il dekabrın 30‐da Gəncə şəhərinin adının bərpa olunması və 1990‐cı il martın 13‐də Azərbaycan xalqının milli bayramı olan Novruz bayramının rəsmən qeyd edilməsi haqqında fərmanları E.Qafarova imzalamışdır.

Azərbaycanın siyasi və ictimai vəziyyətinin ağır və gərgin dövründə, erməni silahlı qüvvələrinin torpaqlarımızı işğala başladığı bir vaxtda sovet qoşunları 1990‐cı il yanvarın 19‐dan 20‐nə keçən gecə Bakıya soxularaq dinc adamları qətlə yetirdi. Bu vaxt E.Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış etmiş və onun haqqında həqiqəti tezliklə bütün ölkələrə yaymağa başlamışdır. Həmin bəyanatda deyilirdi: “SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm… Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR ali dövlət hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür”. Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990‐cı il yanvarın 21‐22‐də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırdı və ona başçılıq etdi. Sessiya yanvarın 22‐də E.Qafarovanın imzası ilə “SSRİ Ali Sovetinə, müttəfiq respublikaların Ali Sovetlərinə, Sovet İttifaqı xalqlarına, dünyanın bütün ölkələrinin parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına Azərbaycan SSR Ali Sovetinin Müraciəti”ni qəbul etmişdir. Müraciətdə deyilirdi: “Bakının və bütün Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş dəhşətli cinayət törədilir. Helsinki və Vyana müqavilələrinin sənədlərini imzalayan… hüquqi dövlət yaratmaq iddiasında olan sovet dövləti qanunları tapdalayaraq... SSRİ Ali Sovetinin sanksiyası və respublikanın ali hakimiyyət orqanlarının razılığı olmadan yanvarın 19‐dan 20‐nə keçən gecə Azərbaycana qarşı təcavüz etmişdir, müxtəlif silah növlərindən (tanklardan, zirehli transportyorlardan, avtomat silahlardan, hərbi aviasiya və donanmadan) istifadə edərək elan olunmadan Bakı şəhərinə, respublikanın digər rayonlarına hücum edib dinc əhalini, Bakıda fövqəladə vəziyyətin elan olunmasına və şəhərə qoşun hissələrinin girməsinə etiraz edənləri amansızcasına qırmışlar, yüzlərlə ölən, minlərlə yaralanan və itkin düşənlər var…

Azərbaycan SSR Ali Soveti ölkə və dünya ictimaiyyətinə müraciət edərək onları Azərbaycan torpağında törədilmiş bu milli qırğın aktını pisləməyə çağırır”.

1990‐cı ilin mayından respublikada prezident idarəçiliyinə keçildi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və onun sədri vəzifəsi ləğv olundu. E.Qafarova deputatlar tərəfindən yekdilliklə Azərbaycan SSR Ali Sovetinin sədri seçildi. O, 1990‐1992‐ci illərdə Azərbaycan Ali Sovetinə sədrlik etmişdir. E.Qafarova yaranmış ağır şəraitə baxmayaraq, Ali Sovetin sessiyalarını müntəzəm çağırır, qoyulan məsələlərin həllinə və respublikanın tam müstəqil olmasına, beynəlxalq aləmdə tanınmasına və nüfuzunun artmasına çalışırdı. E.Qafarova Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunmuş və hadisələr baş vermişdir. Məsələn, 1991‐ci il oktyabrın 18‐də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi; oktyabrın 29‐da onun müstəqilliyinin tanınması haqqında “Dünya birliyinin üzvü olan dövlətlərin parlament və hökumətlərinə Ali Sovetin müraciəti”; 1992‐ci il martın 2‐də Azərbaycan Respublikasının BMT‐də qəbul edilməsi və s.

E.Qafarova dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK və Bakı Komitəsinin üzvlüyünə namizəd və üzvü, ÜİLKGİ MK və ALKGİ MK üzvü olmuşdur. Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan KP və Bakı Komitəsinin, ÜİLKGİ və ALKGİ‐nin plenum, konfrans və qurultaylarında iştirak etmişdir.

O, bir ictimai və dövlət xadimi kimi iki dəfə Qırmızı Əmək bayrağı və Şərəf nişanı ordenləri ilə mükafatlandırılmışdır.

E.Qafarova 1993‐cü il avqustun 1‐də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

P.S. Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Elmira Hüseynovanın həmmüəllifi olduqları “Azərbaycanın Xarici işlər nazirləri” kitabından götürülüb.