success closed Loading...

Azərbaycandan İŞİD-ə 500 min dollar göndərilib - ŞOK TƏFƏRRÜAT

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Enter.News xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslərdən Sahil İbrahimovun qardaşı Samir Suriyada vuruşub. O, 2016-cı ilin avqustunda Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Suriyaya gedib.

İttihama görə, Samir Suriyaya gedəndən sonra qardaşı, eləcə də sünni məzhəbinin vəhhabi təriqətinə etiqad edən başqa tanışlarıyla əlaqə saxlayıb.

O deyib ki, Suriyada onunla birlikdə vuruşan azərbaycanlıların və başqa əcnəbilərin İsveç, Rusiya, Norveç, Finlandiya, Almaniya və başqa ölkələrdə yaşayan yaxınlarıyla əlaqə saxlasınlar. Onların göndərəcəkləri pulları toplayıb Suriyaya yollasınlar.

İttihama əsasən, pul göndərişləri banklar vasitəsilə həyata keçirilib – xarici ölkələrdən Bakıya, buradan Türkiyəyə, oradan da Suriyaya göndərilib.

"2017-ci ilin sentyabrından 2018-ci ilin fevralına qədər Sahil İbrahimov bir neçə dəfəyə 210 min manata yaxın, İlqar Ağayev 135 min dollar, 2018-ci ilin mart-aprel aylarında isə onlar birlikdə yenə 135 min dollar pul göndəriblər"- ittiham aktında göstərilir.

Məlumata görə, təqsirləndirilən Namiq Məmmədov bu prosesə sonradan qoşulub.

2018-ci ilin may-iyun aylarında onun adına Rusiya, Qırğızıstan, İspaniyadan 21 dəfəyə 40 min manata yaxın pul göndərilib. O da həmin pulları çıxarıb İlqar Ağayevə verib. İlqar da bu vəsaitləri toplanan başqa pulların üstünə qoyub və Sahil İbrahimovla birlikdə Türkiyəyə mayda 50 min dollar, iyunda da 75 min dollar pul göndəriblər.

Elan olunmuş ittihamla Namiq Məmmədov və Sahil İbrahimov özlərini təqsirli bilməyiblər. İndiki mərhələdə geniş ifadə vermək istəməyiblər.

İlqar Ağayev isə heç nə deməyib. O, “buraxın gedim dostlarımla görüşüm, çox uzaqdan gəliblər, məni gözləyirlər” deyib və öz oyuncağı ilə oynamağa başlayıb.

İlqarın vəkili məhkəməyə vəsatət verib. Vəkil İlqar Ağayevin psixiatrik ekspertizadan keçirilməsini istəyib. Hakimlər bildirib ki, bu vəsatət müzakirə olunub qərar veriləcək.

Məhkəmə iclası sentyabrın 16-da davam etdiriləcək.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edilən şəxslər barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham irəli sürülüb.