“Azərbaycan həlak olmuş hərbi qulluqçusunun cəsədini Ermənistandan almaq üçün Moskva və Tehrana müraciət etməlidir”.
Enter.News xəbər verir ki, bu barədə Rusiya prezidentinin yanında Federasiya Şurasının üzvü, jurnalist Maksim Şevçenko “moscow-baku” portalına müsahibəsində deyib.
M. Şevçenko ATƏT-in Minsk qrupunun həlak olmuş hərbi qulluqçunun cəsədinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistana çağırışını şərh edərkən bildirib ki, bu, heç bir effekt vermir:

“Minsk qrupu çoxdan etibarını itirib və münaqişənin nizama salınması üçün heç nə edə bilmir. Ermənistanın çağırışa baxmayaraq, həlak olmuş Azərbaycan əsgərinin cəsədini qaytarmaması Minsk qrupunun acizliyini göstərir. Yəni Minsk qrupunu nəinki münaqişəni, bu məsələni belə həll etmək bacarığında deyil. Əminəm ki, Azərbaycan hərbiçisinin cəsədini almaq üçün ilk növbədə Moskvaya və Tehrana müraciət etməlidir. Belə olarsa, məsələ daha sürətlə həll olunar. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı məhz Rusiya və İrandadır”.
Xatırladaq ki, dekabrın 29-da erməni hərbi birləşmələrinin sərhəddə təxribat hücumunun qarşısını alarkən, Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov şəhid olub. Şəhidimizin cəsədi Ermənistan tərəfindədir. Artıq 10 gün keçməsinə baxmayaraq, ermənilər cəsədi qaytarmaq istəmirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistana cəsədin qaytarılması üçün çağırış ediblər.
Gülnar Babazadə