success closed Loading...

Rusiyanı dərketmədə Qərbin səhvləri: KREML YAXIN ŞƏRQDƏ CƏRRAH KİMİ FƏALİYYƏT GÖSTƏRİR

ABŞ-ın Yaxın Şərqdəki qazancları onun həqiqi imkanlarının necə itirildiyini göstərir. Qərbin uğursuz olduğu məkanda Moskvanın rolu isə ardıcıl və ekspansionist strategiya ilə müşayiət olunur.

Bir vaxtlar özünü Qərbə qarşı ideoloji əks-qütb olaraq göstərmiş qorxunc supergüc Sovet İttifaqının süqutundan sonrakı onilliklərdə zəif iqtisadiyyat, etnik separatizm və demoqrafik göstəricilərə düçar olmuş kimi görünürdü.

Moskva hətta Ukraynaya müdaxiləsindən sonra belə, daxili problemlərlə çox məşğul dövlət sayılırdı.

 

Rusiyanı düzgün dəyərləndirməmə

Keçmiş ABŞ prezidenti Barak Obama Kremli birbaşa təhlükəsizlik təhdidi kimi görməyib, Rusiyanı mühüm geosiyasi düşmən saymayıb. Krımın ilhaqından sonra da Obama Moskvanı “yaxın qonşularının bəzilərinə həssas olan regional güc” adlandırıb.

Suriyadakı irəliləyişlər və Qərb demokratiyalarını sarsıtmaq üçün kiberhücumdan geniş istifadə Rusiyanın faktik gücü barədə səhvləri vurğulayıb.

Soyuq müharibə dövründən bəri diplomatik münasibətlərdəki ən pis geriləmə Moskvanı növbəti dəfə əsas geosiyasi rəqib kimi meydana çıxarıb. Strateji çəkindirmə siyasətinin yanlışlığı aydın olub və Rusiyanın qabaqcıl silah imkanları Qərbin təmkinini pozub.

Dünyanın 11-ci ən böyük iqtisadiyyatı olan Moskva isə qlobal qeyri-müəyyənliyi artırmaqda davam edir.

Hər zaman Qərbə qarşı bütün vasitələrdən istifadə edən Rusiya, bu gün qısamüddətli taktiki yanaşmalardan istifadə ilə daha praqmatik məqsədlərə sahib olsa da, Yaxın Şərqdə eyni ideoloji diskurs daxilində fəaliyyət göstərir.

Krımın ilhaqı və Ukraynanın şərqindəki hibrid müharibə nəticədə Obamanın təcrid siyasəti canlanıb və Rusiyanın xarici siyasətində inqilab edib.

Prezident Vladimir Putinin ABŞ-a qarşı cəsarətli ritorikasına baxmayaraq, ölkəsi sanksiyalar, neftin ucuzlaşması və Qərbin kollektiv müqaviməti ilə ciddi ziyan görüb. Çinlə əlaqələrin genişləndirilməsi tarazlaşdırıcı addım kimi görünsə də, Kreml yenə də Qərblə pozulmuş münasibətlərinə ən çox diqqət yetirir.

 

Geosiyasi qazanclar

Rusiyanın Yaxın Şərqdəki son oyunu hələ də açıqlanmamış qalır. Söhbət təkcə iqtisadi maraqlardan getmir. Moskva Misirlə kütləvi hərbi müqavilələrdən tutmuş Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə çoxmilyon dollarlıq sövdələşmələrdən bəhrələnir. Bu, həm regional, həm də Vaşinqton və Brüsselin nəzərində güc statusunu qaldıra biləcək geosiyasi qazanclara yönəldilib. Suriyada vətəndaş müharibəsinə girmək, Tehranın yerdəki dəstəyi ilə yanaşı, yaxşı bir pay kimi görünür.

Ötən ilin iyun ayında Putin Suriya kampaniyasının gözləntiləri aşdığını qeyd edib. Bununla yanaşı, özünü siyasi vasitəçi kimi göstərməsinə baxmayaraq, Rusiyanın Suriyada demokratik keçidi dəstəkləmək üçün heç bir hərəkəti olmayıb. Moskvanın Latakiya bölgəsində yaratdığı dayaq və digər regional paytaxtlara girişi Rusiyanı qlobal güc brokeri statusuna qaldırmağı hədəfləyir.

Yolüstü gözlənilməz geosiyasi uğurlar Rusiyaya öz imkanlarını ortaya qoyma imkanı verib. Kreml Yaxın Şərqdəki xaotik  vəziyyət içərisində, heç bir dostu və düşməni olmayan, əksinə tərəfdaşları olan taktiki oyunçu kimi çıxış etmək şansı tapıb. Suriya və Liviya böhranı vəziyyətində o, Səudiyyə Ərəbistanı və İranla münasibətləri şaxələndirməyə çalışır.

Kleptokratlardan ibarət qrupa qərar verməyi tapşıran Putinin avtoritar sistemi bölgədəki despotik rejimlərlə sürətli yaxınlaşmalar üçün təkərləri daha da yağlayıb. Qərb ölkələrinin mürəkkəb bürokratik prosedurlar və ya daxili etika ilə məhdudlaşa biləcəyi təqdirdə, Rusiya gizli və böyük dərəcədə haqq-hesabsız xarici siyasətə arxalanaraq addım atmağa can atır.

 

Utanmaz praqmatizm

Moskva regional rəqiblərlə bərabər sövdələşməyə imkan verən öz həyasız praqmatizmini nümayiş etdirir. Bu yanaşma Kremlin Vaşinqtonla müqayisədə daha qərəzsiz, vicdanlı vasitəçi kimi görünmək istəyini təcəssüm etdirir.

ABŞ yaxın əlaqələri Səudiyyə Ərəbistanı və İsraillə məhdudlaşdırsa da, Rusiya bütün münaqişə tərəfləri ilə eyni dərəcədə münasibət qura bilər. Körfəzə təklif olunan kollektiv təhlükəsizlik mexanizmi kimi, o, qarşılıqlı maraqları əks etdirən çərçivələr hazırlayır.

Rusiyanın hazırda regionun böyük paytaxtlarında hakimiyyət dəhlizlərinə maneəsiz daxil olmasına baxmayaraq, bunun sonu hələ də mübahisəlidir. Soyuq müharibə dövrünün əbədi miraslarına söykənən Moskva indi Qərbin uğursuz olduğu yerdə cərrahi bıçaqla rəqiblərini sıxışdıran revizionist güc olaraq qəbul edilir.

Ancaq bu baxış Kremlin faktiki imkanlarını təhrif etməyə və hərəkətlərini yanlış səciyyələndirməyə meyllidir. Əslində, Moskva qlobal mövqeyini artırmaq və Qərblə pozulmuş münasibətlərində alət qazanmağa çalışan, bölgədəki boşluqları dolduran taktiki aktyor kimi görünür.

 

Dmitri Frolovski

“Middle East Eye”

Enter.News